
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın “vecernji.hr” saytına geniş müsahibə verib.
APA-nın məlumatına görə, dünya futbol tarixi ilə bağlı sualları cavablandıran 48 yaşlı mütəxəssis “Bursaspor”dan gələn təklifi qəbul etməməyinin səbəbini də açıqlayıb.
– Məşqçi, yoxsa futbolçu?
– Mən futbolçu olmağı seçərdim. Çünki gənc olursan, istədiyini edirsən. Ancaq məşqçi daim təzyiq altında qalır, bütün komandanın məsuliyyətini daşıyır.
– Ən çox sevindiyiniz qələbə…
– 1998-ci ildəki dünya çempionatının 1/4 final mərhələsində Almaniya üzərində qazandığımız qələbə (3:0). Baxmayaraq ki, həmin görüşdə mən iştirak etməmişdim. 3-cü yer uğrunda matçda da Hollandiyaya qalib gəlib, bürünc medal qazanmışdıq.
– Ən gözəl qolunuz…
– Belə bir qol seçə bilmirəm. Bəlkə “Partizan”a vurduğum qolu fərqləndirmək olar.
– Oynadığınız ən yaxşı komanda…
– Xorvatiya yığması və Çempionlar Kubokunun qalibi olduğum “Srvena Zvezda”.
– Gördüyünüz ən güclü komanda…
– Pep Qvardiolanın “Barselona”sı.
– Futbol tarixinin ən yaxşı oyunçusu…
– Lionel Messi. O, hamımızdan güclüdü.
– Futbol tarixinin ən yaxşı məşqçisi…
– Yohan Kroyff.
– Kumiriniz…
– Mişel Platini.
– Xorvatiya futbol tarixinin ən güclü oyunçuları…
– Davor Şuker və Luka Modriç.
– “Real”a hansı qiyməti verərdiniz?
– Dünyanın ən güclü klubudu. Bu böyük ailənin bir üzvü olduğum üçün çox sevinirəm. Gənc yaşda gedib əsas heyətində oynamaq başqa bir qürurdu.
– Bəs “Barselona”?
– Bir klubdan daha çox məna verir. Yalnız orda oynadığınız zaman necə olduğunu başa düşərsiniz.
– Ən ehtiraslı futbol atmosferi…
– Belqrad derbisi. Bütün gün oyun ətrafında cəmləşir.
– Rusiyadakı dünya çempionatında iştirak edəcəyik?
– Çətin olacaq. Ancaq mən yenə də uğura inanıram. Keyfiyyət mübahisəolunmazdı. Lakin ehtiyatlı olmaq lazımdı.
– İki dəfə “Vecernji List”in sorğusunda ilin ən yaxşı futbolçusu seçilmisiniz. Hansı daha şirindi?
– İlki daha yaxşıdı. Həm də gənc idim. Bu mükafatı almış futbolçuların adları çox təsirlidi.
– Zvonimir Boban…
– O, hər zaman bir nömrə olub. Əsl şəxsiyyət və xarizmadı. Boban Xorvatiyaya qayıtmayacaq. Ancaq dünya futbolu üçün çox iş görə bilər.
– Davor Şuker…
– Möcüzəvi futbolçu.
– “Bursaspor”a getmək əvəzinə niyə Azərbaycan yığmasında qaldınız?
– Qorxaq kimi qaçmaq istəmədim. Düşünürəm ki, müəyyən sıçrayışa nail olmuşuq və işimi də vicdanla görürəm. Dekabra qədər işimin başındayam.
– Futbolda texnologiyaya necə baxırsınız?
– Mən buna qarşı deyiləm. Ancaq hər kiçik epizoda görə oyunu dayandırmaq futbolu boğar.
Gununsesi.info