
Rusiya Prezidenti Vladimir Putin iyunun 20-də ölkənin müxtəlif yerlərindən vətəndaşların suallarını cavablandıracaq.
Gununsesi.org bildirir ki, bu barədə araşdırma hazırlayan AzadlıqRadiosu (RFE/RL) bu sual-cavab sessiyasının ictimai narazılığın artdığı, prezidentin reytinqinin düşdüyü, iqtisadiyyatın yerində saydığı bir dönəmə təsadüf etdiyini yazıb.
İldə bir dəfə keçirilən bu ictimai perfomansın məqsədi prezidenti sıravi rusiyalıların qayğısına qalan xeyirxah lider kimi təqdim etməkdir. Adətən, Putin bu sessiya zamanı problemlərin çoxuna görə yerli rəsmiləri günahlandırır.
Ölkə üzrə milyonlarla vətəndaşın göndərdiyi suallar içindən canlı yayım üçün seçim edilir. Adətən, Putinin cavablandırdığı seçilmiş suallar ölkəiçi məsələləri əhatələyir. İndiyədək suallar bərbad mənzil şəraiti, dərmanların əldə olunması, dövlət sektorunda korrupsiya haqda olub.
Putinə inam 31 faizə düşüb
66 yaşlı Putun daha öncə 3-cü Dünya müharibəsinin başlanma ehtimalı, Ukraynayla gərgin münasibətlər, həbsdə olan xaricilərin buraxılması kimi sualları da cavablandırıb.
Hazırda ictimaiyyətin ölkənin kursundan narazılığı son 12 ildə ən yüksək həddə çatıb. Bunu müstəqil Levada sorğu mərkəzi yanvarda üzə çıxarıb
Dövlətə məxsus VTsIOM sorğu mərkəzinin məlumatına görə, ötən ay Putinə inam son üç ildə ən aşağı səviyyəyə – 31,7 faizə düşüb.
Yoxsulluq ölkədə kəskin problemlərdən biridir. Rosstat dövlət statistika agentliyinin mayda açıqladığı informasiyaya görə, rusiyalı ailələrin yarıya qədəri yalnız gündəlik tələbat mallarını alır, mebel və məişət cihazlarını əldə edə bilmir.
Rusiya 2014-cü ildə Krımı qanunsuz ilhaq edəndən sonra ölkə potensial investisiya kimi 300 milyard dollara yaxın vəsaiti itirib. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının iqtisadçısı Sergei Guriev mayda Rusiyanın “The Bell” portalına bildirmişdi.
Jurnalistlərlə illik sual-cavab sessiyası kimi, bugünkü proqram da saatlarla çəkə bilər. 2013-cü ildə bu yayın beş saatadək çəkmiş, 2015-ci ildə isə rekord sayda – 3,25 milyon sual təqdim olunmuşdu.
Ötən il 2,7 milyon sual və şikayət təqdim olunub.
Gununsesi.org













