Putinin imperatorluq arzusu və ya imperiyanın sonu

  • By admin
  • 11 İyun 2022 09:17

Rusiya Çarı I Pyotrun 350 illik yubileyi ilə bağlı sərgini ziyarət etdikdən sonra özünü çoxmillətli Rusiya Federasiyasının yeni Çarı kimi aparan Putin deyib ki: “Böyük Pyotr 21 il Böyük Şimal Müharibəsi apardı. O (Pyotr), onlardan (İsveçlərdən) heç nə götürmədi, Rusiyaya məxsus olanı qaytardı. Görünür, indi bu tarixi vəzifə, Rusiyanın olanı qaytarmaq və ölkəni gücləndirmək bizim üzərimizə düşübdür”

Vladimir Putin Ukraynaya qarşı apardığı işğalçı müharibəyə “böyük millətçilik və dövlətçilik şovinizmi” donu geyindirməyə çalışır, özünü 18-ci əsrdə İsveçə qarşı müharibə aparan (1700-1721) Çar I Pyotra bənzədir və iddia edir ki, sələfi kimi o da Rusiya torpaqlarını geri alır. Əslində, bu idda deyildir, Putinin velikoros şovinist təxəyyülünün gerçəklikləridir.

Putin Rusiya hakim partiyasını “velikoroslar” adlandıranda da, I və II Çeçenistan müharibəsində (1994-2000) 150 mindən çox Çeçenlər məhv edilkdən və bu Qafqaz ölkəsini xarabalığa çevirdikdən sonra baş verənləri yenə də I Pyotrun ifadəsi ilə “dedik – etdik!” (сказано-сделано!) adlandıranda da özünü yeni imperator donunda təsəvvür edirdi.

Ukrayna Putinin “pyotorçuluq” və böyük rus imperiyasını bərpa etmək planlarını pozdu. Əslinə qalanda, Ukraynalıq bir iş yox idi, səbəb və problem Putinin dərisinə sığmayan şovinist ambisiyaları idi… Rusiyanı gücləndirmək eşqinə düşən Putin bir vacib və taleyüklü məsələdə düzəlməz səhvə yol verdi: Rusiyanı gücləndirmək üçün dünyanın çoğrafiyasına görə ən böyük, təbii sərvətlərinə görə ən zəngin ölkəsini böyütməyə ehtiyac yox idi. Ölkəni demokratikləşdirmək, avtoritarizmə, kleptokratizmə, korrupsiyaya son qoymaq, qanunu – qanun etmək, qonşu dövlətlər və dünya ilə bərabərhüquqlu, sülh və əməkdaşlıq təməlində açıq qapılar siyasəti yürütmək kifayət idi.

Putin bunları etmədi və edə bilməzdi. İmperiyanın sonu yaxınlaşır. İndi ona hakimiyyətini uzatmaq naminə “böyük pyotorçu” donunda Rusların başını cəfəng təbliğatla doldurmaqdan başqa bir şey qalmayır…

Qüdrət Quliyev
ABŞ