Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir

  • By admin
  • 08 Avqust 2017 09:24

dscn7901

Qəbələ rayonunda 13-cü Dünya Skaut Gənclər Forumu işə başlayıb. Gəncər və İdman Nazirliyinin, dəstəyi, Ümumdünya Skaut Hərəkatı Təşkilatının və Azərbaycan Skautlar Asossiasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Skaut Gənclər Forumunda 133 ölkədən 320 gənc iştirak edir.

Gununsesi.info-nun xəbərinə görə, forumun açılış mərasimində çıxış edən Ümumdünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Ümumdünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves çıxı edərək rəhbərlik etdiyi təşkilat barədə məlumat verib. Bildirib ki, Ümumdünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut Hərəkatının məqsədi  gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək edir.

Sonra Dünya Skaut Gənclər Forumunun sədri və hazırkı gənc məsləhətçi Jeremi Apert, Ümumdünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd Ələndəvi çıxış edib. Bildirilib ki, “Arzula, inan və hərəkət et” devizi altında keçirilən bu forum 18-26 yaşlı skautlar arasında ünsiyyətin qurulması və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır. Bu forum iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük toplantısıdır. Sonuncu forum Sloveniyada 95 ölkədən olan skautların iştirakı ilə keçirilmişdi. Bu forumda gənc skautlar fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər.

Jeremi Apert qeyd edib ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və Hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı təqdimatlar olacaq. Avqustun 10-dək davam edəcək tədbirdə iştirakçı gənclər dünyada baş verən proseslərə (ekoloji, sosial və digər sahələrdəki problemlər) təsir məqsədilə müxtəlif mövzular üzrə müzakirələr aparacaqlar. Forum çərçivəsində gənc skautlar arasında təşkil ediləcək “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcək.

Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcək. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır. 13-cü Dünya Skaut Gənclər Forumundan sonra gənc liderlin iştirakı ilə avqustun 14-18-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransı keçiriləcək.

Forumda Azərbaycan Skautlar Assosiasiyasının (ASA) prezidenti İlyas İsmayıllı bildirib ki, rəhbərlik etdiyi təşkilatı 1997-ci ildə fəaliyyətə başlayıb və 2000-ci ildə Ümumdünya Skaut Hərəkatı Təşkilatına üzv qəbul edilib. Ölkəmizdə gənc nəslin tərbiyəsində mühüm rol oynayan Azərbaycan Skautlar Asossiasiyasının 16 bölgədə 1750-dən artıq üzvü var. Ötən 3 il ərzində ASA skautinq üzrə 200-dən çox yerli layihə və tədbir həyata keçirib. Təşkilatın üzvləri üçün hər il proqramlar və yay düşərgələri təşkil edilir, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edir.