“Qələbə reportajı hazırladıqdan sonra ölsəm, gözüm arxada qalmayacaq” - ROZA ƏLİQIZI

  • Müəllif: admin
  • 24 İyun 2017 14:32

11752108_393417584187178_8023552907095452678_n

Azərbaycan Silahli Qüvvələr Gününün bayram edilməsində “şorbada duzu olan” peşə sahiblərindən biri də  jurnalistlərdir. I Qarabağ müharibəsi dövründə jurnalistlərin silahı qələmiydi. Ən güclü silahın edə bilmədiyini qələmiylə edərdi jurnalistlər. Bunun nəticəsi idi ki, mənfur ermənilərin xalqımıza qarşı başladığı soyqırım siyasətinin dünyaya yayılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlərin danılmaz və mühüm xidmətləri vardı. O isə bu sahədə ilk idi. Söhbət hərbi jurnalist, “Hünər” qəzetinin baş redaktoru, “Əsgər ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızından gedir.

Gununsesi.info Roza Əliqızı ilə müsahibəni təqdim edir.

– Roza xanım, siz ilk qadın hərbi jurnalistsiniz. Bu məsuliyyəti necə izah edərdiniz?

– Uşaqlıq illərim sovet dönəminə təsadüf edib. SSRİ dövründə filmlərlə güclü təbliğat gedirdi. Hətta azyaşı uşaqların belə müharibə zamanı alman faşistlərinə qarşı apardıqları mübarizəni filmləşdirirdilər. Deyim ki, bu böyük maraqla qarşılanırdı. Sövet dövründə indiki kimi firavanlıq yox idi. Lakin hər kəs vətəni üçün canından keçməyə hazır idi. Bəlkə də bütün bunlar sovet filmlərinin təsiriydi. Bu filmlərin hamısını izləyər, hətta yuxularımda görərdim, hərdən heyfsilənərdim ki, nədən mən o dövrdə doğulmamışam. Müharibəyə gedər, “nemes”ləri öldürərdim. Amma haradan biləydim ki, bizdə də müharibə olacaq. Özü də daha qəddarı…

O vaxt atama dedim ki, hərbi məktəbdə oxumaq istəyirəm. Atam isə oraya qızların qəbulunun mümkünsüzlüyünü söylədi. Odur ki, bunu içimdə arzu olaraq daşıdım. Jurnalistika fakültəsinə daxil oldum. Universitetdə oxuduğum illərdə də televiziya və radio ilə əməkdaşlıq edirdim. Hələ o zaman Azərbaycan televiziyasında təcrübədə idim və vətənpərvərlik mövzusunu seçərək müharibəyə gedən azərbaycanlılar haqqında yazılar yazmağa başladım. O vaxt “Hünər” verilişi efirə gedirdi. Böyük Vətən Müharibəsində iştirak edən qadınlarımız haqqında sujetlər hazırlayırdım. Təhsilimi başa vurandan sonra işsiz qaldım. Bir müddət sonra isə ailə qurdum.

Həmin vaxt ermənilər atəşkəsi tez-tez pozurdular. Buna baxmayaraq, gedib döyüş bölgələrindən reportajlar hazırlayıb, gətirib qəzetlərə verirdim. Beləliklə, jurnalistika fəaliyyətim və ilk işim müharibə ilə başladı. Onu da deyim ki, ilk cəbhəyə gedən jurnalistlərdən biri də mən olmuşam. 1988-ci ildən Tovuz, Zəngilan, Qazax bölgələrinə gedib materiallar hazırlayıb gətirirdim. O vaxt “Səhər” qəzetində əlimdə avtomatla bir şəklim də dərc edilmişdi. 1992-ci ildə ilk müstəqil qəzet olan “Ordu” qəzeti fəaliyyətə başladı. Elçin və İsgəndər adında iki cəbhə müxbiri də orda çalışırdı. O vaxt Elçin Sabiroğlu məni onlarla əməkdaşlıq etməyə çağırdı və beləliklə orada müxbir kimi fəaliyyətə başladım. Döyüşlərin qızğın vaxtında Laçın, Zəngilan, Qubadlıya tez-tez gedib yazılar hazırlayırdım.

Sonra elə gətirdi ki, məni rəsmi hərbi xidmətə dəvət etdilər. Daxili İşlər Nazirliyinin tabeliyindəki Daxili Qoşunların Baş İdarəsində hərbi xidmət keçdim. Sonra burda mətbuat şöbəsi yaradıldı və “Əsgər” qəzeti fəaliyyətə başladı. Komandirimiz Fəhmin Hacıyevin tövsiyəsi ilə mən o qəzetin nizamnaməsini yazıb hazırladım.

– Cəbhə bölgəsinə ezam ediləndə övladlarınız narahat olmurdular?

– Övladlarım azyaşlıydılar. O vaxt birinin 5, o birinin 6 yaşı vardı. Uzun zamandan sonra daha bir qızım da dünyaya gəldi. Cəbhə bölgəsinə gedəndə hətta geri dönməyəciyimi də gözə alırdım. Ona görə də uşaqlarımı çimizdirib gedərdim ki, birdən orda başıma bir iş gəlsə, heç olmasa bir həftə çirkli qalmasınlar. İnanın, sanki onlar da buna öyrəşmişdilər. O vaxt  milli hisslərimizin oyanış dövrüydü. Heç kimi Vətənin azadlığından başqa bir şey maraqlandırmırdı. Amma elə kişilər vardı ki, müharibəyə getməmək naminə “dəlilik kağızı” alırdılar.

– Kişilərlə birlikdə hərbi xidmətdə olmanız necə qarşılanırdı?

– İndiyədək bir zabitdən, əsgərdən özümə qarş qeyri-adi bir hərəkət görməmişəm. Bəzi qadınlar ora gedib gələndən sonra narazılıqlarını bildirirdilər. Əlbəttə, qadınlardan bu sözləri eşitmək xoş olmurdu. Mən illərimi, gəncliyimi hərbiyə həsr etmişəm.

– Qadının əlinə silah alıb döyüşməsi niyə cəmiyyətimizdə yaxşı qarşılanmır?

– Bəlkə zaman keçdikcə bu məsələyə münasibətdə düşüncə tərzimiz dəyişəcək. Mən gənc qız ikən rəsmi olaraq həqiqi hərbi xidmətə çağırılmışdım. Bununla qürur duyurdum. Mənimlə birgə bir neçə nəfər xanım döyüşçümüz vardı və onlar da vətən qarşısında öz borclarını layiqincə yerinə yetirmişdilər. Bir çox kişilərdən fərqli olaraq…. Qadının əlinə silah alıb döyüşməsi o dövr üçün pis qarşılanmırdı. Milli oyanış dövrü olduğu üçün o vaxt hər kəs istəyirdi ki, vətənpərvərlik borcunu yerinə yetirsin. Vətənpərvərlik hissi güclü olan insanları isə vətəndən başqa bir şey düşündürmürdü. Indi isə şükür qızlarımız ali hərbi təhsil ala bilirlər.

– Cəbhə xatirələrini qələmə də almısınız…

– Şahidi olduğun hadisələri qələmə aldığım zaman xeyli iztirab keçirmişəm. Qarabağla bağlı 8 kitabım çap olunub və yaşadığım ağrı-acıları qələmə almışam. Mühasirədə qaldığım anlarda hansısa əsgərin gözümün qarşısında şəhid olmasının şahidiyəm. Məncə, bundan böyük qorxu ola bilməzdi. Yaralanaraq qolunu itirən əsgərin iztirab verən baxışlarının da şahidiyəm.

 Siz milli ulduzumuzu çiynində gədirən ilk insansınız. Onları qoruyub saxlaya bildinizmi?

– Bu hadisə həyatımda ən böyük qazancım oldu. Bəli, bu günədək də həmin paqonları qoruyub saxlamışam. Azərbaycanın ilk milli ulduzunu çiynimdə daşımaq qürurunu bu gündə yaşayıram. Xoşbəxtliyin nə olduğunu bilmirəm, amma o anlar mənim üçün xoşbəxt anlar idi.

Vətən qarşısında borcumu yerinə yetirdim və Allahın yanında üzü ağ, alnı açığam. Baxmayaraq ki, sağlamlığımı itirdim, bu gün də onların əziyyətini çəkirəm. Neçə illərdir yataqxanada yaşayırdım. Artıq mənə də prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilən binadan ev verilib. Xoşbəxtəm ki, qızlarım təhsil aldılar. Üçüncü qızım isə orta məktəbdə oxuyur.

1988-ci ildən müstəqil jurnalist kimi döyüş bölgəsinə getmişəm. 1992-ci ildən rəsmi olaraq hərbi xidmətə çağırılmışam. İndi də əsgərlərin içərisindəyəm. Bu, həm mənim işim, həm də jurnalistlik fəaliyyətimlə bağlıdır. O vaxt rabitə sistemi olmadığına görə əsgərlərlə onların ailələri arasında bir bağlılıq, əlaqə yaratmışdım. Yoldaşımla rayonlara gedir, verilən məktubları ünvanına çatdırırdım. Bəzən yoldaşım bezir, “Biz nə qədər rayona gedəciyik” -, deyirdi. Mənsə məktubları təslim etməmiş rahat ola bilmirdim. Bu bağlılığı daha da gücləndirmək üçün bir təşkilat yaratmağı qərara aldım. Beləliklə, 1992-ci ildə “Əsgər ailəsi” Cəmiyyətinin təməli qoyuldu və ilk yaradılan QHT-lərdən biri oldu. Hazırda yenə fəaliyyətimi davam etdirirəm. Azərbaycan həqiqətlərini dünyaya çatdırıram. Nə qədər ki, canımda can var, çiynimdə gəzdirdiyim ulduzların şərəfini qoruyacam. Çox istəyərdim ki, tezliklə torpaqlarımızı geri alaq, bu dəfə isə döyüşdən sonra qələbə reportajı hazırlayım. Sonra ölsəm, gözüm arxada qalmayacaq.

10259968_223593554502916_5262198710961298599_n

19433718_10208937574226243_973394956_n

19477981_10208937574106240_2051165403_n

19478005_10208937574346246_1322083737_n

19511804_10208937574066239_1006669848_n

Без названия (1)

Gülnaz Qənbərli

Gununsesi.info