“Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək” - NİYAZİ BAYRAMOV

  • By admin
  • 28 İyul 2020 20:33

Bir neçə gün öncə Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü hekəlinin yerləşdiyi ərazi hasara alınıb. Bu hadisədən narahatlıq keçirən Gəncə ziyalıları və şəhər sakinləri şəhər icra hakimiyyətinin başcısı Niyazi Bayramova müraciət ünvanlayıblar. Müraciətdə bildirilibki, onlar bəstəkarın məzarının ərazidən köçürüləcəyi və onun yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatdırlar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinlərinin narahatlığına son qoyaraq bildirib ki, görkəmli bəstəkarımız Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək və həmin ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək.  O cümlədən şəhər rəhbəri birmənalı şəkildə bəyan edib ki, həmin yerdə ancaq  Gəncə sakinlərinin arzusuna uyğun olaraq uşaqlar üçün tematik park və əyləncə mərkəzi yaradılacaq. Qəmbər Hüseynlinin məzarı öz yerində toxunulmaz şəkildə qalmaq şərtilə, məzarüstü abidəsi yenisi və dahi bəstəkarımıza daha layiq olanı ilə əvəzlənəcək. Niyazi Bayramov onu da əlavə edib ki,  bu kimi bütün digər şəhər əhəmiyyətli məsələlərdə də Gəncə sakinlərinin və ictimaiyyətin mövqeyi mütləq nəzərə alınacaq.

Qeyd edək ki, dahi bəstəkar Qəmbər Hüseynli 1916-cı ildə Gəncədə anadan olub.  Dünyanın 100-dən çox xalqının dilinə tərcümə edilən məşhur “Cücələrim” mahnısının müəllifidir.

 

 

Gununsesi.info