Qənbər Şəmşiroğlunun “Kəlbəcər ömrüm, həyatım” kitabının təqdimatı keçirilib - FOTOLAR

  • By admin
  • 19 Noyabr 2017 23:35

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, Kəlbəcər ictimaiyyətinin tanınmış simaları, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvləri, nümayənlələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı çıxışında şair, nasir, publisist Qənbər Şəmşiroğlunun həyat və yaradıcılığından danışıb. O, çıxışında bildirib ki, saz-söz zərgəri olan Qənbər Şəmşiroğlu yeni kitabında doğulub boya-başa çatdığı eldə, obada bir sıra mühüm partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördüklərini və eşitdiklərini ipə-sapa düzüb. Bu kitabda uzun illər ərzində yaddaş dəftərində apardığı qeydlərindən istifadə edən müəllif Kəlbəcərin ictimai-siyasi həyatı ilə bağlı şahidi olduğu hadisələri şirin bir dillə qələmə alıb.

Məhərrəm Qasımlı deyib ki, sayca 24-cü olan bu kitabında da müəllif vətənpərvərlik, yurdsevərlik hisləri aşılayır: “Saz-söz sərrafı olan Qənbər Şəmşiroğlu “Kəlbəcər ömrüm, həyatım” kitabının ikinci hissəsində də eyni adlı kitabın birinci hissəsində olduğu kimi öz ənənəsinə sadiq qalaraq oxucularına günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hissləri aşılamağa çalışıb. Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, AMEA-nın həqiqi üzvü, akademik Muxtar İmanov, əməkdar elm xadimi, professor Kamran Əliyev, millət vəkili Aqil Abbas, şair, əməkdar jurnalist Adil Cəmil, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Jalə Əliyeva, nasir, dramaturq, rejissor, publisist, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, professor Şahlar Əsəgərov və digərləri müəllifin əsərlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar, çıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar.

Bildirilib ki, Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri – qoşma, qəzəl, gəraylılarla bu bulağın suyunu daha da gur edib. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var. Ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Ömrün işıqlı anları”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” və s. kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapıb. Öz qayğıkeşliyi, insanlara və təbiətə vurğunluğu, bitib-tükənməz yaradıcılıq enerjisi ilə o, bu gün ömrünün müdrik çağlarını yaşayır. Sürətlə ömürdən ötən illər el ağsaqqalı Qənbər Şəmşiroğlu üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olub.
Natiqlər çıxışlarında Qənbər Şəmşiroğlunun şeirlərindəki məzmun və forma gözəlliyindən, üslub və və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar. Kitabda şairin doğiulub boya-başa çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördükləri xatirələr yer alıb. Qeyd olunub ki, Qənbər Şəmşiroğlu müxtəlif dövlət orqanlarında məsul vəziflərdə çalışmağına baxmayaraq öz soykökünü unutmayaraq yaradıcılığa, şeirə, nəsrə və publisistikaya böyük yer alıb. Natiqlər onun tapındığı od-ocağın 16-cı əsrin böyük dövlət xadimi, şair-övliyya ulu babası Miskin Abdaldan üzübəri onlarla saz və söz xiridarlarının, o cümlədən babası Ağdabanlı şair Qurbanın, atası ustad Dədə Şəmşirin ədəbiyyatımıza, mənəviyyatımıza göstərdikləri böyük xidmətlərini qeyd etdilər. Bildirildi ki, ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” və digər kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti öz əksini tapıb.
Qeyd edilib ki, Qənbər Şəmşiroğlu bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur. Çıxış edənlər müəllifə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının üzvləri olan şagirdlər ədibin şeirlərindən nümunələr səsləndiriblər.
Tədbirin sonunda məclisin səbəbkarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, şair, nasir, publisist Qənbər Şəmşiroğlu dövlətimiz tərəfindən yazarlara diqqət və qayğıdan çıxış edərək onun bədii yaradıcılığına, şəxsiyyətinə, ona dəyər verib bu tədbirə gələn qonaqların hər birinə öz təşəkkürünü bildirib.
Sonda tədbirə toplaşanlar Qənbər Şəmşiroğlunu yeni kitabı münasibətilə təbrik ediblər və xatirə şəkilləri çəkdiriblər.
Gununsesi.info