Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin ilk iclası keçirilib - FOTO

  • By admin
  • 17 Aprel 2023 10:20

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin ilk iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov məlumat verib.

İclasda İcmanın Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlərin böyük tarixi və siyasi əhəmiyyətə malik olduğunu söyləyib.

O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün hər bir azərbaycanlının, o cümlədən gənclərin ən vacib vəzifələrindən biri kimi gündəmdədir. Qayıdış Konsepsiyasının müddəalarında qayıdışın əsas prinsipləri əks olunub, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün Azərbaycan xarici siyasətinin mühüm komponentlərindən birinə çevrilib.

Sonra çıxış edən İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının təşkilati strukturu, fəaliyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verib.

İcma sədri Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bununla bağlı qəbul olunan tədbirlər planı üzrə görüləcək həlli vacib işlərə toxunub, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görülməli olan işlər haqda məlumat verərək, bu məsələdə gənclərin rolundan danışıb.

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov vurğulayıb ki, gənclər təmsil olunduqları müxtəlif qurum və platformalarda vahid mövqedən çıxış etməli, Qərbi Azərbaycana qayıdışla bağlı aparılan işlərin bir parçasına çevrilməli və hər bir gənc bu işə öz töhfəsini verməyə çalışmalıdırlar.

Gununsesi.info