Karateçilərimiz ikinci qızıl medalı qazandı - YENİLƏNİB

  • By admin
  • 13 May 2017 22:12

islamiada

Mayın 13-də Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar.

Gununsesi.info xəbər verir ki, karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abiyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Bununla da F.Abiyeva “Bakı-2017”də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

F.Abiyeva səkkizdəbir final mərhələsində Çad təmsilçisi Viktorine Koro üzərində 8:0 hesabı ilə inamlı qələbə qazanıb. O, yarışın dörddəbir finalında Kot-d`İvuar idmançısı Koussai Ahia Aurelie Estelleni 2:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda özbəkistanlı rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq finala adlayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan F.Abiyeva komanda yarışlarında Avropa çempionu olub.

***

Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar.

Kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Rəfael Ağayev səkkizdəbir finalda Türkiyə təmsilçisi Erman Eltemur üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranini 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. R.Ağayev yarımfinalda Malayziya təmsilçisi Şarmendran Ragonathanı 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Türkiyəli Erman Eltemur və özbəkistanlı Dastonbek Otabolaev bu çəki dərəcəsində bürünc medallara sahib olublar.

Sonra mükafatlandırma mərasimi oldu.

Dövlətimizin başçısı İlham Əliyev qaliblərə medalları təqdim etdi.

IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Rəfael Ağayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, dövlət bayrağı qaldırıldı.

Karate ilə məşğul olmağa yeddi yaşında başlayan Rəfael Ağayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, beşqat dünya, onqat Avropa çempionudur. R.Ağayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qızıl medalına yiyələnib. O, Dünya Oyunlarının birincisi, eləcə də Primer Liqaların (WKF) beşqat qalibi olub. Bu, Rəfael Ağayevin İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalıdır.

Gununsesi.info