Qaloş iyi verən təfəkkür - YAXUD, ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVƏ MƏKTUB / LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 11 İyun 2019 15:10

Salam Əbdürrəhim bəy!

Səni narahat edən bir bəndeyi-fəqirdir. Adımı sonda yazacam. Amma indi dərdimizdən-bəlamızdan yazıram. Sənin şəklini  uşaq vaxtı dərsliyimizdə görmüşdüm. Çal saçlı, yarlı-yaraşıqlı bu kişidən açığı həmişə qorxardım. Bilirsiz niyə? Çünki siz “Xortdanın cəhənnəm məktubları”nın müəllifi idiniz və mən də balaca bir qız bu  xortdan kəlməsindən cəhənnəmdən qorxan kimi qorxardım. Sonra böyüdüm, o məktubları oxudum və gördüm ki, yox,  nə xortdan, nə cəhənnəm, qorxulası nəsə, kimsə  varsa, o da adına insan deyilən məxluqdur. Siz bu məxluqatı zamanında kifayət qədər tanımısız. Sonra oturub yekə-yekə kitablar yazmısız ki,  oxuyub özləri özlərini tanısınlar. Amma burda yanılmısız ustad. Ömründə bircə dəfə də əlinə kitab almayan özünü hardan tanıyacaq ki? O ən yaxşı halda özünü hər vasitə ilə tanıtdırmağa çalışacaq. Təfəkkürü   qaloş iyi versə də belə…

Ehhh, Əbdürrəhim bəy, bu milləti necə qoyub getmisənsə, eynən o cür də qalıb. Axı sən ” Pir” hekayəsini ona görə yazmışdın ki, bu millət 2019-cu ildə də başına 30 ilin iylənmiş qaloşunu sürtüb dərdinə çarə axtarsın? Və yaxud günümüzün gülbadamları niyə xəstə uşaqları üçün nicatı qoz ağaclarının altındakı pirlərdə umurlar? Bilmirlər ki, o pirlərin çoxu Gülbadamlar  bu qoz ağacları altında təcavüzə məruz qalınca pir statusu qazanıb? Yəqin yadına düşdü də Nəriman Nərimanovun Gülbadamı?  Allah onu bizə tanıdan o böyük mütəfəkkirə də rəhmət eləsin.  Necə yazırdı o hekayədə? ” Molla Cəfərqulu həmişə cibində şam və spiçka gəzdirərdi. Qoz ağacına çatand yalandan büdrəyib yıxıldı. Ürəyi təmiz, rəhmdil Gülbadam “vay” deyib bunun qolundan tutdu. Molla Cəfərqulu qızışmış heyvan kimi Gülbadamın boynuna sarılıb öpdü və ” sənin dərdindən ölürəm”-dedi. Gülbadam dəhşətli səslə qışqırdı və qəşş etdi. Kəndin kənarından keçən bir adam Gülbadamın səsini eşidincə -ay adam kimsən- dedi. Molla Cəfərqulu ətəyinin altında şamı yandırıb dərhal qoz ağacının altına keçdi və başladı namaz qılmağa. Gələn çoban Dünyamalı idi. O nə olubdur-deyə soruşdu. Molla Cəfərqulu namaz üstündə cavab verməyib  qurtarandan sonra başladı ağlamağa.

-Təzim, təzim et qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burda şam yanır. Ağaca yaxınlaşanda ağacdan səs çıxdı, bu zavallı arvad da tab gətirə bilməyib qəşş etdi. Çoban bunu eşitcək dizləri üstə yerə çökdü və yeri öpüb dedi. ” Atam -anam sənə qurban.”

Soruşursan ki, niyə bütün bunları sənə xatırladıram? Çünki insanımız hələ də Gülbadamı təcavüzə məruz qaldığı qoz ağacı pirindən nicat ummağa vadar edən məşədi allahverəndir. Sənin öz qəhrəmanındır. Atası necə çağıırardı onu? Məlun, xəsərəddünya Əhməd. O ən sonunda atasının məsləhətinə əməl edib yerin deşiyindən pul çıxartdı. Əncir ağacını altında lağım qazıb orda şam yandırdı, əcaib səslər çıxardı və adamları pirə pənah gətirməyə məcbur etdi. BU gün  də Azərbaycanın kəndində və şəhərində hər kəs pirə, ocağa tapınır. Ən sonuncu diqqət çəkən  hadisə Goranboyun Qurbanzadə kəndində olub. Yerli və ətraf kəndlərin sakinləri hansısa qurban olduğumun 30 ildən qalan qaloşlarını başlarına sürtməklə mərəzdən qurtulmaq istəyirlər. Məncə bu mərəz elə baş mərəzidir. Sən nə düşünürsən, ustad? Cavab ver də, a pir olmuşun balası?

Ləman Ələşrəfqızı

Xüsusi olaraq,

Gununsesi.org üçün