
Artıq fevral ayını da geridə qoyduq.
Ancaq Bakı və Abşeron insanı, qışın simvolu sayılan qarı səbrsizliklə gözləsə də, onu görmək nəsibi olmadı.
Xüsusən də uşaq və yeniyetmələr-qayğısının sevincindən daha çox olduğunu əmin edən böyüklər, yaşca kiçiklərin bu hisslərini o qədər bölüşməsə də ( axı yaşa dolduqca hamımızın əslinin uşaqlıqdan olduğunu unudub dünyamızı boz rəngə boyamağa meyllənirik..)
Kim isə deyə bilər ki, hələ soyuq bitməyib və qar yağa bilər- istisna deyil!-Hər şey ola bilər (hətta ”heç vaxt olmaz” dediklərimiz belə) Ancaq xatırlasaq ki, artıq martdır, yağa biləcək ağ örpək heç vaxt qışdakından olmayacaq.. Uşaqlar da qartopu yox, palçıqtopu oynaya bilər ən yaxşı halda…
Bəzən düşünürsən ki, bəlkə Uca rəbbimiz də bu insanlara rəhm etdiyindən qar yağmadı. Axı nə Bakı, nə də Abşeron qışa heç zaman hazır olmayıb. Yağanda da ki, sevincini çıxarmaqdan çox əziyyətini görürlər. Abşeron yarımadasında hava bir az küləkli, yağışlı olan kimi elektrik enerjisi və qaz verilişində sorunlar yaşanır. Qaldı ki, qarlı-şaxtalı hava ola. Hələ mən yollarda yaranacaq o acınacaqlı vəziyəti heç xatırlatmaq istəmirəm.
Bax bunları düşünəndə əmin olursan ki, ən azından bizi yaradan O böyük rəbbimiz, insanlra rəhm edib, bu qışda qar yağdırmadı….
Amma xatırlayanda ki, qar həm də bir saflıq, paklıq əlamədtidir, o zaman artıq başqa düşüncələrə dalırsan.

İnsanlığın yoxa çıxdığı bir zamanda qar hansı üzümüzə yağsın?... Küsüb bizdən!.. Hansı günahımızı ört-basdır etsin ki? İnsan gündə nə qədər insanlığa sığmayan hadisələrin,cinayətlərin şahidi olar?!… Baxmayaraq ki, bu günkü insan 20-30 il bundan öncəki insandan daha imkanlı, komfort həyat yaşasa da, düşüncəsi, insanlığı o dövrükü ilə tam əks mütənasiblik təşkil edir. Sanki bu günkü insanın qəlbi daşlaşdığından, buza döndüyündən ətrafına baş verənlərə laqeyd yanaşır. Hesab edir ki, bu ”elə belə də olmalıdır” kimi yanaşır.
Havalar həddən artıq şaxta, boran, külək, yağış olardı, ancaq insan qəlbi isti olduğundan bütün bunları adladırdı.
Bəs, bu gün?- Bu gün isə tamam başqa.. Heç müqayisə olunası deyil. Bu günün insanı yaranmış vəziyyətin mürəkkəbliyindən ən yaxının evinə qonaq getməyə, qapısını açmağa belə çəkinir, ya da utanır. Çünki nə özünü, nə də getdiyi ev sahibini pis durumda buraxmaq istəmir.
Bax bunları görəndə və 10-20 il əvvəli xatırlayanda düşünürsən ki, İlahi gör bizim qonaqpərvərliyimiz haradan -haraya düşdü! O mənəvi, əxlaqi, insani dəyərələr haraya və necə yoxa çıxdı. İnsanlardakı o qəlbi-istilik necə əridi… Ürəklər soyumağa, artıq soyumağa yox buzlaşamağa doğru gedir…
Bunları düşündükcə, az qalır havalanasan… O zaman fikirləşirsən ki, axı paklıq, saflıq rəmzi necə yağsın… Və nə qədər, necə yağmalıdır ki, bu qəlbi buzlaşamaya, daşlaşmaya gedən insanlığın qəlbini paklaşdırıb, saflaşdırsın…

Düşündükcə daha dərin düşüncələrə qərq olub, bu düşüncələr içində it-bat olursan. Düşdüyün bu insanlıq dramından yollar arayırsan, ancaq yenə elə o burulğandaca boğulursan… bir daha deyirsən ki, hara gedirik İLAHİ?… Bu İNSANSIZLIQ yolundan bizə İNSANLIQ yolunu göstər.
Mürtəza Bünyadlı
Gununsesi.info












