“Qazaxıstanın yanındayıq” deməklə olmur, indi orada KTMT-dir

  • By admin
  • 06 Yanvar 2022 16:21

“Qazaxıstanda baş verən hadisələr fonunda türk dünyası daha tez reaksiya verə bilərdi”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında türkiyəli hərbi-siyasi ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, türk dövlətləri bəyanat vermək üçün çox gecikib:

“Bəyanatda “Qazaxıstanın yanındayıq” açıqlaması verildi, amma hazırda KTMT əsgərləri Qazaxıstandadır. Bunun da bir mənası var, prosesləri yaxşı izləmək lazımdır. Bundan sonra Qazaxıstanın ortaya qoymuş olduğu münasibət çox vacibdir. Türk dünyasının gələcəyi üçün hansı nəticələri olacaq bunu yaxın zamanda görəcəyik.

Rusiyanın ümumi olaraq vacib həmlələri var. Bunları Rusiyamı planladı, yoxsa Qazaxıstan təhdidlə üz-üzə qaldı deyə Rusiyanı dəvət edib bunu bilmirik. Bunun arxasında kimlərin durduğunu öyrənmək lazımdır. Çünki bir maye qazın qiymət artımının ölkəni bu qədər bürüyə bilməsi asan bir şey deyil, arxasında kimlərsə var”.

“Belə bir gerçək var ki, türk dünyası real siyasətdir. Türk ölkələrinin gələcəyini kimlərsə əngəlləmək istəyir. Amma burada əsas söz sahibi türk dünyası olacaq. Türk ölkələri bərabər olmaq iradəsini ortaya qoyarsa, bunu kimsə əngəlləyə bilməz” , – deyə ekspert bildirib.

Gununsesi.info