Qışın sərt keçməsi bazara nə vəd edir – bolluq, yoxsa qıtlıq?

  • By admin
  • 19 Fevral 2017 21:30

 403001371

 

İndiki hava şəraiti kənd təsərrüfatı üçün əlverişli hesab edilir

Qışın çox sərt və yağıntılı keçməsi kənd təsərrüfatında məhsuldarlığın necə olmasını müəyyən təsir edən amillərdən sayılır. Məlum olduğu kimi, ötən ilin payızından başlayaraq, havalar çox sərt keçir. Son illər olmadığı qədər yağış və qar yağıb. Paytaxta nisbətən bölgələrdə qarın qalınlığı və yağıntının miqdarı isə daha çox olub.
Lakin artıq təbiət yaz fəslinin gəlişinə hazırlaşır, torpaq oyanır. Bundan sonrakı dövrdə eyni şəkildə şaxtalı havaların davam etməsi kənd təsərrüfatının məhsuldarlığına necə təsir göstərəcək? Qış vaxtı yağan qar və yağış suları bu ilki məhsuldarlıq üçün nə vəd edir?

“Yeni Müsavat”ın suallarını cavablandıran ekoloq Telman Zeynalov bildirdi ki, indiki havalar kənd təsərrüfatı üçün müsbət nəticə vəd edir: “Çünki qış vaxtı yağan yağıntı torpaqda rütubətin qalmasına səbəb olacaq. Yay vaxtı ola bilər ki, hava quraqlıq keçsin. Ona görə də torpağın nəmişliyi bitkilərin inkişafına şərait yaradacaq, əlavə suvarmaya ehtiyac olmayacaq, torpaq tamamilə münbitləşəcək. Ötən ilin sentyabr ayından etibarın hava yağıntılı keçib, 2-3 dəfə də güclü qar yağdı və torpağı münbitləşdirdi. Fevralın 20-dən torpaq oyanmağa başlayır, yaşıllıqlar artıq. Yaxşı olar ki, fermerlər martın 4-dən başlayaraq əkinə başlasınlar. Dərin şumlama aparmasalar daha yaxşı olar. Çünki dərin şumlama torpaqdakı suların buxarlanmasına gətirib çıxara bilər və eroziyanı gücləndirə bilər. Xırda şumlama ilə əkin əksələr, ildə iki dəfə artıq məhsul ala bilərlər, kənd təsərrüfatının və iqtisadiyyatımızın da inkişafına müsbət təsir edər”.

 

Gununsesi.info