Qurban Məmmədov: “Ərdoğan Türkiyənin prezidentidir, sizin yox”

  • By admin
  • 25 İyul 2016 15:36

qurban

 

Tanınmış vəkil, siyasətçi Qurban Məmmədov sosual şəbəkədəTürkiyədə baş verən hadisələrə münasibət bildirib. Gununsesi.info-nun məlumata görə, Q. Məmmədov azərbaycanlıların sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etməsinə belə münasibət bildirib:

“Qardaş Türkiyədə bu günkü gərgin və həssas bir məqamda, düzünə və ya dolayısilə, silahlı dövlət çevrilişini dəstəkləyən, çevrilişçilərə əsgərə sahib çıxmaq adıyla rəğbət ifadə edən, 25 milyon seçici səsi ilə qanuni Cümhurbaşqanı seçilən hörmətli R.T Ərdoğana hücum edən həmvətənlərimi yaxşı başa düşürəm. Onları qəzəbləndirən R.T.Ərdoğanın indiki Azərbaycan hakimiyyətinə münasibəti, müxtəlif seçkilərdə Türkiyə rəsmilərinin sərgilədikləri mövqedir.

Dostlar, əziz həmvətənlər! Dünyanın yazılmamış qanunları var. Biri də budur: sənin seçdiyin və ya dözdüyün istənilən hakimiyyətə hörmət göstərmək başqa dövlətlərin, xüsusilə də, qonşu və qardaş dövlətlərin borcudur. Heç kim sənin əvəzindən gəlib sənin Vətənində qayda-qanun, nizam-intizam yaratmayacaq.

R.T.Ərdoğanın da belə bir vəzifəsi yoxdur. Sən ömründən kəsib pay verirsənsə, sən təzim edib yaltaqlanmaqdan qozbelə dönmüsənsə, çəpik çalmaqdan əllərin qabar olubsa, həbs edilməkdən, döyülməkdən, söyülməkdən, şəhid olmaqdan qorxaraq dözürsənsə, başqalarını qınamağa haqqın yox! Bunu birdəfəlik hamımızın anlaması lazım! R.T Ərdoğan Türkiyə Cümhuriyyətinin prezidentidir, sizin yox. Ona ilk növbədə öz dövlətinin maraqları vacibdir. Milli maraqlarla dövlət maraqlarını ayırmağa çalışın”.

Gülnaz Qənbərli