“Rəqabət apara bilməyən universitetlər birləşməlidir” - EKSPERTDƏN ÇAĞIRIŞ

  • By admin
  • 02 Sentyabr 2016 11:58

seher_seher_2014051239

Odlar Yurdu, Qərb, Təffəkkür universitetləri və digər bəzi ali məktəblər tələbə qəbulu üzrə təklif edilən yerləri doldura bilmədikləri üçün bağlana və ya birləşə bilərlərmi?

2016-2017-ci tədris ilinin başlanmasına cəmi bir neçə gün qalıb. Ancaq bu il ali məktəblərə imtahan verərək qəbul olmuş və tələbə adını qazanmış abutiriyentlərin müəyyən qismi hələ də seçim etməkdə çətinlik çəkirlər. Xüsusilə də, ödənişli təhsillə bağlı ciddi problemlər yaşanır. Söhbət ondan gedir ki, ödənişli ixtisaslara və fakültələrə qəbul olanlar təhsil haqqının yüksək olması ucbatından ali təhsil almaqdan imtina etmək qərarına gəliblər. Bütün bunlarsa Odlar Yurdu Universiteti, Qərb Universiteti, Təffəkkür Universiteti və digər bəzi ali məktəblərdə tələbə qəbulu üzrə təklif edilən yerlərin hələ də dolmaması ilə nəticələnib. Bəs gorəsən, sözügedən problemlərdən çıxış yolu kimi hansı tədbirləri həyata keçirmək lazımdir? Bu il tələbə adını qazanan və seçim etməkdə çətinlik çəkənlərə dəstək və yardımlar hansı formada göstərilməlidir?

 “Həm yüksək təhsil haqqı verməliyəm, həm oxumalıyam, sonra işə düzəlib-düzəlməməyim şübhəsi…”

Azərbaycan Təhsil Şurasının sədri, təhsil üzrə ekspert Əjdər Ağayev Gununsesi.info-nun əməkdaşını maraqlandıran suallara aydınlıq gətirib. O, deyib ki, bəzi ali məktəblərdə tələbələr üçün yerlərin boş qalmasını həm təhsil haqqının yüksək , həm də təhsilin və tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqələndirir. Onun dediyinə görə, məlum problemləri yaradan səbəbləri tapmaq üçün ciddi araşdırmaların aparılmasına ehtiyac var: “Belə bir araşdırmanın aparılması zamanı mütləq tələbələrin və tələbə adını qazananların da fikirlərini öyrənməyə ehtiyac yaranıb. Bu il tələbə adını qazanmış və adlarını çəkdiyiniz ali məktəblərə sənəd verməmiş tələbələrdən bunun səbəbini mütləq soruşmaq lazımdır. Əslində bu sorğu vasitəsilə bu ilki tələbələrin haqqında bəhs etdiyimiz ali məktəblərə sənəd verməmələrinin səbəbləri bəlli olacaq. Mən uzun illərdir təhsil sahəsində çalışıram və bu sahədəki problemlərlə yaxından tanışam. Ona görə tələbələrin seçim etməkdə niyə çətinlik çəkdiklərini çox yaxşı bilirəm. Hesab edirəm ki, birinci və əsas səbəb təhsil haqqının yüksək olmasıdır. Söhbət ondan gedir ki, tələbə yüksək ödənişli məktəbdə, ixtisasda oxumağın ona nə qədər faydalı ola biləcəyi barədə götür-qoy edir. Yəni, həm yüksək təhsil haqqı verməliyəm, həm oxumalıyam, sonra işə düzəlib-düzəlməməyim şübhəsi altındadır. Məhz buna görə də təhsil haqqının yüksək olması ucbatından bu məsələ aktuallaşır. Digər tərəfdən, ali məktəbləri bitirənlərin müəyyən qismi neçə illərdir iş tapa bilmir, iş arxasınca gedir, müəyyən çətinliklərə rast gəlir, sonra da düşünür ki, filan qədər xərc çəkdim, pul qoydum, diplom aldım, amma xeyrini, faydasını görmədim. Ona görə d düşünürəm ki, təhsil haqqının yüksək olması vacib şərtlərdən biri xarakterizə edilə bilər”.

“Ali məktəblər ixtisas seçimlərində dövrün tələblərini nəzərə almır…”

Ekspertin fikrincə, ikinci səbəb ali məktəblərin ixtisas seçimlərində dövrün tələblərini nəzərə almaması ilə əlaqədardır. Onun dediyinə görə, ali məktəblərdəki ixtisasların bəziləri aktual olsa da, digərləri gündəmdə deyil: “Elə ixtisas var ki, o, bu gün çox aktualdır, çox vacibdir. Elə ixtisas da var ki, 50 ildən, 100 ildən bəri mövcuddur, bu sahədə kifayət qədər kadrlar var və bu ixtisas o qədər də diqqətdə deyil. Düzdür, dövlət ali məktəblərində bu sahədə kifayət qədər irəliyəyişlər var, ancaq bunlar tələbata uyğun şəkildə kifayət deyil. Bütün bunlar da tələbələri qane etmir. Ona görə  ali məktəblər dövrün tələb etdiyi ixtisaslara diqqət yetirməlidirlər. Yəni, ali məktəblər ixtisasları elə seçsinlər ki, həyatın tələb etdiyi zərurət kimi meydana çıxsın”.

Şura sədrinin fikrincə, üçüncü səbəb tədrisin və təhsilin keyfiyyəti və səviyyəsi ilə bağlı problemlərlə əlaqədardır. Onun dediyinə görə, ali məktəblərin içinə də mütləq bələd olmaq lazımdır: “Ali məktəbə daxil olduqdan sonra tələbə özünün vətəndaş kimi funksiyalarını hansı səviyyədə yerinə yetirəcək, yaxud yetirə biləcək? Bunun üçün lazımi şərait varmı, bunlara imkan verilirmi? Ali məktəblərin xarici olkələrlə əlaqəsi varmı, tələbələrə xarici ölkələrə getməyə şərait yaradılırmı? Tələbənin digər ölkələrdə fəaliyyət göstərən gənclər hərəkatında, vətəndaş hərəkatında və digərlərində iştirakına şərait yaradılırmı? Bugünkü gənclərimizin böyük əksəriyyəti böyük iddialarda olduqları üçün onlar həm yuxarıda sadaladığım suallara, həm  öz məqsədlərinə çata biləcəklərmi, həm də buna imkan veriləcək-verilməyəcəkmi kimi suallara öncədən cavab tapmaq istəyirlər. Bu da sözügedən seçim məsələsində ciddi çətinliklərin yaranmasına gətirib çıxarır”.

Mütəxəssis təəssüflə bildirir ki, abutiriyentlərin, tələbələrin özlərinə olan inamlarının getdikcə azalması da əsas səbəblərdən biridir. Bəzi ümumtəhsil məktəblərində lazımı səviyyədə və yüksək biliyə yiyələnməmələri ucbatından tələbələr ali məktəblərdə sonacan oxuyub-oxuya bilməyəcəklərinə inanmırlar: “Bəllidir ki, bu il ali qəbul olunanların 90 faizi, yaxud, tələbə adını qazananların böyük əksəriyyəti repitetorların yanına gedənlər olub. Əgər repitorlar məktəbi varsa, onda ümumtəhsil məktəbləri nəyə lazımdır? Repitorlar məktəbi şagirdləri, abutiriyentləri yalnız-3-4 fəndən hazırlayır. Ona görə də ümumtəhsil ocaqları şagirdlərin geniş və hərtərəfli şəkildə hazırlığını təmin etməlidir. Elə şeylər var ki, onlar pisxoloji məqamlarla əmələ gəlmir. Ancaq insanların hərəkatı bunları üzə çıxardır”.

“Rəqabət apara bilməyənlər birləşməlidir, ya da bununla bağlı yekun qərara gəlməlidirlər”

Ə. Ağayev vurğulayır ki, Gürcüstanda, Ukraynada dövlət məktəbləri tələbələri imtahansız qəbul edir.

Bəs görəsən, bu hal ölkəmizdə də universitetlərin bağlanmasına səbəb ola bilərmi? Azərbaycanda bu qədər ali məktəbin fəaliyyət göstərməsinə ehtiyac varmı?  Ə.Ağayev cavab olaraq bildirir ki, bəzi insanlar deyirlər ki, filan ölkədə təhsil bizdəkindən beş dəfə artıqdır, ona görə  unversitetlərimiz tələbata cavab verməlidir: “Elektron kitabxananın bir nümunəsi yalnız Naxcıvandadır. Bir-iki binası olan təhsil müəsissəsinə universitet demək vaxtı artıq çoxdan keçib. Bu gün Azərbaycanda fəaliyyət göstərən universitetlər eyni səviyyədə təhsil vermir. Amma yüksək səviyyədə təhsil verən universitetlərimiz də var. Bu ilki böhran vəziyyətində yüksək səviyyədə təhsil verən universitetlərə qəbul planı 70-90 faiz yerinə yetirilib. Gərək yüksək səviyyədə təhsil verməyən universitetlər bundan nəticə çıxarsınlar. Rəqabət apara bilməyənlər birləşməlidir, ya da bununla bağlı yekun qərara gəlməlidirlər. Onlara sərf edən variantı özləri axtarıb tapmalıdırlar. Mənim fikrimcə, çıxış yolu budur ki, universitetlər birləşdirilsin, əsas ixtisas sahələri həmin universitetlərdə cəmlənsin və onların sayı deyil, keyfiyyəti artırılsın. Kadr hazırlığının keyfiyyətini və hazırlanmış kadırları işlə təmin etmək üçün universitetləri yalnız sosial həyatın tələb etdiyi səviyyədə və sayda saxlamaq lazımdır”.

Anar

Gununsesi.info