
“Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm”.
Gununsesi.info xəbət verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə Moskvaya səfərinin yekunları ilə bağlı mövqeyini jurnalistlərlə bölüşərkən deyib.
“Moskvaya işgüzar səfərim çərçivəsində hər iki ölkənin xarici işlər nazirliklərinin mətbuat xidmətləri açıqlama veriblər. Biz rusiyalı həmkarımla razılığa gəldik ki, danışıqları davam etdirək”- deyə, nazir əlavə edib.
Nazirin sözlərinə görə, təkliflər var idi ki, üç ölkənin nazirləri arasında görüş keçirilsin. “Əfsuslar olsun ki, alınmadı. Rusiya tərəfi üçtərəfli görüş üçün çalışır. Azərbaycan tərəfi görüş üçün razılığını verib. Amma görüş nəticəli olmalıdır”- deyə, Məmmədyarov bildirib.
Həmsədrlərin regiona səfərinə gəldikdə isə nazir deyib ki, onlar öz aralarında görüş keçiriblər: “Həm Fransa, həm ABŞ-dan həmsədrlər yeni təyin olunub. Onlar ilk olaraq münaqişə haqqında daha çox məlumatlı olmalıdırlar. Mən onlarla telefonla danışmışam. Çox güman ki onlarla mən Münhen Təhlükəsizlik Konfransında görüşəcəyəm. Onlar tərəfindən belə bir təklif səsləndirilib. Biz qəbul etmişik.
Qeyd edək ki, yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Mürtəza
Gununsesi.info











