REYESTR tələbi azad medianı deyil, reketçiliklə məşğul olanları sıradan çıxarmağa hədəfləməlidir - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 23 Fevral 2023 12:59
REYESTR SÖHBƏTLƏRİNƏ SÖZARDI
MEDA-nın əsas prioriteti azad, müstəqil mətbuatın təşviqinə və ən əsası “reket media”nı sıradan çıxarmaq olmalıdır.
Təbii ki, ölkədəki mövcüd siyasi mühit birincini istisna edir.
Yeni media qanununun tətbiqindən sonra nəzarətedici quruma qarşı müxtəlif ittihamlar səslənir.
Burada haqlı və haqlı olmayan fikirlər də var.
Hesab edirəm ki, istər saytların, istərsə də fərdi jurnalistlərin Reyestr məsələsində asan mexanizmi vacibdir.
Uzun illər mətbuatda çalışan insanların staj bürokratiyası ilə üz-üzə qalması da yolverilməzdir.
MEDİA rəhbərliyi bu şəxslərin ən azı ictimai statuslarını , illərə söykənən fəaliyyətlərini nəzərə alaraq onların vəsiqə məsələsini həll edə bilər.
Uzun illər teleməkanda aparıcı kimi çalışmış bir jurnalist canım üzləşdiyi problemdən bəhs edib.
Elə məsələlər var ki, onun asan yolla həlli mümkündür.
Məsələn, kimsə Bakının Xəzərin qoynunda yerləşməsini isbat etməməlidir.
Bu məsələ də təxminən ona bənzəyir.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi üçün fəaliyyət göstərən real media quruluşlar var ki, onlar da asan mexanizmlərlə reyesrtdən keçməlidir.
MEDİA öz fəaliyyətində rekeçiliyi və peşəkarlığı prioritet seçən media quruluşlarının fərqini müəyyən edən mexanizm üzərində düşünməlidir.
Bu olarsa, hamımıza utanc gətirən “reket media”nın sıradan çıxarılmasına nail ola bilərik.
“Reket media”nı seçmək isə o qədər də çətin deyil. Xüsusi monitorinq qrupları həmin saytlarda ön səhifəni izləmək və oradakı yazıları analiz etməklə bunu ayırd edə bilər.
Burada söhbət dərc edilən informasiyanın qanunauyğunluğundan tutmuş, jurnalistin peşə etikasına qədər məsələrə necə əməl olunmasından gedir.
Əgər bir sayt davamlı olaraq, birtərəfli qaydada hansısa ucqar bölgədə çalışan məktəb direktorunu , yaxud, idarə müdirini şantaj edirsə və bunu davamlı kampaniyaya çevirisə buradakı məqsəd aydındır.
Amma hökuməti tənqid edən, insan haqları problemlərini qabardan media quruluşu varsa və gündə 20 yox, 5-10 belə material verirsə, onu qeyd-şərtsiz reyestrə daxil etmək lazımdır.
Sözümün qayəsi budur ki, REYESTR tələbi azad medianı deyil, reketçiliklə məşğul olanları sıradan çıxarmağa hədəfləməlidir.
Pərviz Həşimli
Gununsesi.info