Rıza Çalımbay: “Qarabağ”la oyun bizim üçün finala bərabərdir”

  • By admin
  • 25 Noyabr 2020 18:14

“Qarabağ”la oyun bizim üçün finala bərabərdir”.

Gununsesi.org saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının IV turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis matçın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunun konfrans zalında fikrini bu sözlərlə davam etdirib: “Bu turnirdə yolumuza davam etmək istəyiriksə, “Qarabağ”la görüşdə qələbə qazanmalıyıq. Azərbaycan bizim üçün qardaş ölkədir. İstanbula 15 futbolçu ilə gəlmişik. Bu say, bəlkə də, sabah 14-ə enəcək”.

Çalımbay heyətlə bağlı ciddi problemlər yaşadıqlarını söyləyib: “Oyunçularımızdan dördünün problemini həll edə bilməsək, 14 futbolçu ilə qalacağıq. Sürprizlər də edə bilərik. Bu, bir klubun başına gələcək ən şanssız andır. Açığı, bu qədərini gözləmirdim. Hər kəs diqqətli olmalıdır. Federasiya bu problemlərin həlli üçün nəsə etməlidir. Kimin oynamasından asılı olmayaraq, sabah final xarakterli matça çıxacağıq”.

“Sivasspor”un çalışdırıcısı Azərbaycan Ordusunun şansı zəfərinə də toxunub: “Azərbaycan çox çətin dönəmlərdən keçdi. Əldə etdikləri zəfərə görə çox sevinirəm”.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Gununsesi.org