
“Bu gün Rüfət Səfərovla görüşdüm. Onun əhval-ruhiyyəsi yüksək, sağlamlığı qənaətbəxş idi”.
Bu haqda Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib. B.Bayramov bildirib ki, 1 saylı Bakı İstitaq Təcridxanasında R.Səfərovla görüşündə Apellyasiya Məhkəməsində müdafiə işinin daha effektli qurulmasıyla bağlı fikir mübadiləsi aparıblar: “Rüfət Səfərov məhbəs həyatında gününü qrafikləşdirib. O vaxtının əsas hissəsini mütaliəyə ayırıb. Eyni zamanda o, hazırda böyük oxucu marağına səbəb olacaq kitab da yazır. O inanır ki, üzərində işlədiyi kitab oxucu diqqətini cəlb edəcək. Rüfət Səfərov dostlarına salam göndərib, möhkəm olmalarını tapşırdı”-, B.Bayramov qeyd edib.
Qeyd edək ki, sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov9 il azadlıqdan məhrum edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.
Gülnaz Qənbərli
Gununsesi.info











