“Rus dünyası” Fondunun əməkdaşları Azərbaycan Dillər Universitetində qonaq olublar

Dekabrın 20-də “Rus dünyası” Fondunun əməkdaşları  Azərbaycan Dillər Universitetində qonaq olublar.  

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və inkişafı bundan sonra da davam etdiriləcəkdir.

Bildirilib ki, Rusiyaşünaslıq mərkəzi ADU-da yeni təsis olunmasına baxmayaraq, uğurla faəliyyət göstərir, mərkəzin iş prinsipləri yüksələn xətlə inkişaf edir:

“ADU son illər təhsil uğurları və elmi nailiyyətləri ilə həm ölkədə, həm də dünyada böyük nüfuz qazanıb. ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti beynəlxalq əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

ADU-nun Rusiyaşünaslıq mərkəzi tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və beynəlxalq əlaqələrin qurulması yönündə öz fəallığı ilə seçilir”.

Görüşdə iştirak edən “Rus dünyası” Fondunun icraçı direktoru Vladimir Vyaçeslavoviç, Rusiya qrantları proqramının koordinatoru Svetlana Şerbakova,  Rusiya səfirliyin birinci katibi Sergey Leonidoviç, “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildiriblər.

Qonaqlar ADU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, qarşılıqlı elmi təcrübələrin aparılmasının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Rusiyada xarici dillərin tədrisi və tədqiqi, həmçinin Azərbaycan dilinin öyrənilməsi üçün əlverişli imkanlar mövcuddur. Burada dil, mədəniyyət, tarix sahələrinin tədqiqinin də vacibliyi diqqətə çatdırılıb.