Rus İcması Ermənistanın təxribatlarını pislədi

  • By admin
  • 13 Sentyabr 2022 19:58

Azərbaycanın Rus İcması Ermənistan rəhbərliyinin hərəkətlərini pisləyir və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırır.

Gununsesi.info xəbər verir ki, bu barədə icmanın Ermənistanın Azərbaycanla sərhəddə növbəti təxribatı ilə bağlı yaydığı bəyanatda deyilir.

“Tərəflərin Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına dair danışıqlar apardığı bir vaxtda belə davranış yolverilməzdir. Ermənistan rəhbərliyinin bu sazişin imzalanması prosesini, həmçinin sərhədlərin demarkasiyası və delimitasiyasına başlanılmasını ləngitməsi belə halların yaranmasına səbəb olur”, – Azərbaycanın Rus İcmasının bəyanatında bildirilir.

Qeyd olunur ki, bu təxribatların məqsədi regionda sabitliyi pozmaq, sülh sazişinin imzalanmasına və yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə mane olmaq cəhdidir.

Bundan başqa, Azərbaycanın Rus İcmasının bəyanatında vurğulanılır ki, sərhəddə növbəti təxribat törədən Ermənistan rəhbərliyi yardım xahişi ilə KTMT-yə müraciət etməkdən utanmır: “Biz öz bəyanatımızla dünya ictimaiyyətinə və hazırda Qarabağda sülhməramlıları yerləşən Rusiya Federasiyasının rəhbərliyinə müraciət edirik ki, onlar Ermənistan rəhbərliyini bütün razılaşmalara əməl etməyə və regionda bütün hərbi təxribatları dayandırmağa çağırsınlar”.

Gununsesi.info