“Rusiya Azərbaycan-Ermənistan insidentində vasitəçi ola bilməz” – ŞƏRH

  • By admin
  • 19 May 2021 16:21

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək, o cümlədən demarkasiya və delimitasiyanın keçirilməsini həyata keçirmək üçün tərəflərə vasitəçiliyini təklif edib. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

Bəs Azərbaycanın bu təklifə münasibəti necə olmalıdır?

Gununsesi.info-nun məlumatına görə, siyasi şərhçi Elxan Şahinoğli deyib ki, bu suala cavab vermədən öncə başqa suala cavab tapmalıyıq:

“Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərksilah etmədikləri kimi, “İsgəndər – M” raketləri ilə bağlı müəamma da çözülmədi. Rusiya prezidenti Vladimir Putin müharibə günlərində Ermənistana silah və sursat daşıdığını gizlətmədi. İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhəddi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərindən baş sındırmağa dəyməz. Haqlarımız qorunmayacaq. Ona görə də rəsmi Bakı “sərhəddin müəyyənləşlməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir. Doğrudur, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir”. Yəni İrəvan artıq Rusiyanın vasitəçi təklifini dəstəkləyib. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz”.

Gununsesi.info