Rusiya iqtisadiyyatı müharibəyə TAB GƏTİRMİR

  • By admin
  • 28 Fevral 2022 10:12

Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib. Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu, rubl üçün sonuncu dayanacaq olmayacaq:

“Digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Artıq, demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər.

 

Rusiyanı SWİFT-dən uzaqlaşdırılması ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə rubl ciddi silkələnə bilər”.

 

Deputat deyib ki, savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir:

“Görünən odur ki, bu müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır”.

Gununsesi.info