“Rusiya kəşfiyyatı ABŞ-da irqi nifrəti körükləyir“ – “The New York Times“

  • By admin
  • 11 Mart 2020 15:31
Rusiyanın xüsusi xidmətləri məqsədyönlü şəkildə Amerika cəmiyyətində irqi nifrəti qızışdırır, ağdərili ağalığının tərəfdarlarını zorakılığa təhrik edir və afroamerikalılar arasında narazılıq yaradır. 
“The New York Times” qəzeti məlumat verir ki, ABŞ-ın xüsusi xidmətləri məhz belə bir qənaətə gəlib. Qəzet yazır ki, Rusiyanın xarici kəşfiyyat xidməti 2016-cı ildə ABŞ seçkisinə müdaxilə etdiyi metodları yenidən işə salıb.
Rusiya agentləri o vaxt da afroamerikalıları dezinformasiya kampaniyasına hədəf etmişdilər. Moskva indi yeni vasitələrə də əl atır. Məqalədə deyilir ki, Rusiya kəşfiyyat orqanları indi daha çox ifrat sağçıları, eləcə də onların opponentlərini zorakılığa təhrik edirlər. Bu kampaniya başlıca olaraq sosial şəbəkələrdə, əsas etibarilə qapalı qrup və çatlarda aparılır.
Amerika xüsusi xidmətlərinin nümayəndələri bildirirlər ki, Rusiyanın məqsədi namizədlərdən hansınasa kömək etmək yox, Birləşmiş Ştatlarda “xaos hissi yaratmaqdır”.
Martın 10-da ABŞ xüsusi xidmətlərinin rəhbərləri Konqresdə keçirilən qapalı iclasda Nümayəndələr Palatasının üzvlərinə Rusiyanın ziyanlı fəaliyyətləri barədə məlumat veriblər.
Bu prezident Donald Trampın narazılığına səbəb olub. O daim bildirir ki, onun opponentləri olan demokratlar Rusiyanın ABŞ siyasətinə müdaxiləsini şişirdirlər.
Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin hesabatında Moskvanın Trampa dəstək və onun demokrat opponenti Hillari Klintona ziyan vurmaq məqsədilə 2016-cı il ABŞ seçkisinə haker müdaxiləsi etdiyi və sosial media təbliğatı apardığı qeyd olunub. Bu araşdırma Tramp kampaniyası ilə Rusiya rəsmiləri arasında çoxsaylı əlaqələr aşkar edib.
Bununla belə, Müllerin hesabatında deyilir ki, Trampın komandası ilə Rusiya arasında cinayətkar sövdələşmənin isbatı üçün kifayət qədər dəlil tapılmayıb. Ancaq xüsusi prokuror bunu da bildirib ki, təhqiqat ədalətin qarşısının alınması iddiası üzrə prezidenti təmizə çıxarmır.
Xəbər Azadliq.org saytınd dərc edilib.

Gununsesi.org