“Rusiya türk mallarına qarşı özünüqoruma siyasəti aparır” - AKP SƏDRİNİN MÜAVİNİ

  • By admin
  • 08 Aprel 2017 23:35

rusiya turkiye

Rusiya türk mallarına qarşı özünüqoruma siyasəti aparır.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri APA-nın sualını cavablandırarkən Türkiyə iqtidarındakı Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, keçmiş kənd təsərrüfatı, ərzaq və heyvandarlıq naziri Mehdi Əkər deyib.

Agentliyin “Son həftələrdə Türkiyə ilə Rusiya arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı sahəsində problemlər yaşanır. Bunun səbəbi nədir, aradan qaldırmaq üçün  hansı addımlar atmağı planlaşdırırsınız?”- sualına Mehdi Əkər bu şəkildə cavab verib:

“Müasir dünyada dəyərlər və kriteriyalar dəyişdikcə bu vəziyyət ticari-siyasi-diplomatik münasibətlərdə də öz əksini tapır. Dünyada yüksələn trend sağ siyasətin hegemon olduğu milliyyətçiliyi ön plana çıxarır ki, bu da üsuli-idarələrin daha  da mühafizəkarlaşmasına və  qorumaçılığa yönəlməsinə səbəb olur. Rusiyanın Türkiyəistehsalı olan  kənd təsərrüfatı məhsullarının idxalatına qarşı apardığı siyasət mühafizəkarlığın və qorumaçılığın təzahürüdür. Qarşılıqlı müzakirələr nəticəsində yaranmış vəziyyətin aradan qaldırılacağına inanıram”.

Qeyd edək ki, Rusiyanın Türkiyədən bəzi kənd təsərrüfatı məhsullarının idxalatına məhdudiyyət tətbiq etdikdən sonra Türkiyə də Rusiyadan idxal edilən taxıla və qarğıdalıya 130% gömrük vergisi tətbiq etmək barədə qərar qəbul etmiş, qərar 15 martda qüvvəyə minmişdi.

Gununsesi.info