Rusiya-Ukrayna savaşındakı “Qara günəş”in SİRRİ

  • By admin
  • 18 Mart 2022 09:21

Sosial şəbəkələrdə ukraynalı əsgərlərin geyimlərində nasistlərlə əlaqəli simvolun əks olunduğu iki foto yayılıb. “Qara günəş” kimi tanınan bu simvol daha əvvəl Yeni Zelandiyada 2019-cu ildə iki məscidə silahla basqın edərək 51 nəfəri öldürən təcavüzkarda aşkar edilib.

Gununsesi.info xəbər verir ki, mübahisəli fotoların birində Kiyev yaxınlığında dinc sakinlərin təxliyəsinə kömək edən əsgərin geyimində “Qara günəş”in simvolu görünüb.

 

Ukraynalı fotoqraf Anastasiya Vlasovanın çəkdiyi kadr “Twitter” hesabında paylaşılıb və geniş müzakirələrə səbəb olub. Digər foto isə martın 8-də NATO-nun “Twitter” hesabında paylaşıldıqdan sonra böyük reaksiya alıb və bu səbəbdən silinib.

 

NATO rəsmisi bildirib ki, 8 Mart – Qadınlar Günü üçün sosial mediada beynəlxalq agentlikdən əldə edilən fotodan istifadə olunub: “Orijinallığını yoxlaya bilmədiyimiz simvoldan xəbərdar olduqdan sonra bu yazı silinib”.

 

 

“Qara günəş”in sirri nədir?

Bu simvol bir-birinə bağlanan iki dairədən və şaquli şəkildə kəsişən xətlərdən ibarətdir. Dünyanın müxtəlif mədəniyyətlərində, o cümlədən qədim Skandinaviya və Kelt sivilizasiyalarında onun müxtəlif versiyalarını müşahidə etmək mümkündür.

 

ABŞ-da antisemitizmə qarşı kampaniya aparan təşkilat bu simvolun heç də həmişə “irqçilik və ya ağ üstünlüyü” naminə istifadə edilmədiyini bildirib. “Qara günəş”in Hitlerlə əlaqəsi Almaniyanın Paderborn yaxınlığında yerləşən Vevelsburq qalasının mərmər döşəmə dizaynına əsaslanır.

Nasist hökuməti qaladan mərasim yeri kimi istifadə edirdi və zalının döşəməsinə qara günəş mozaikası qoyulmuşdu. Nasistlərin ən məşhur simvolu olan svastikadan Ukraynada hərbi geyimlərdə istifadə olunmur.

 

Azov batalyonu və nasistlərin əlaqəsi

“Qara günəş”in Ukraynada çox vaxt ifrat sağçı ideologiyanı təmsil etdiyini vurğulanır. Məsələn, “Azov” batalyonunun milis qrupunun uniformalarında istifadə etdiyi lövhədə “qara günəş” əks olunur.

 

Neonasistlər və ifrat sağçı millətçi qruplarla əlaqəli olan “Azov” batalyonu 1000-ə yaxın üzvü ilə 2014-cü ildə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı hərəkata qarşı müharibədə gündəmə gəlib.

 

 

Əvvəlcə könüllülərdən ibarət olan bu qüvvə daha sonra Ukrayna ordusunun komandanlığına verilib.

 

Ukraynalı seçicilər üçün ifrat sağçılar kiçik azlığı təmsil edir. 2019-cu il seçkilərində ifrat sağçı və ultra-millətçi qrupların namizədləri parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryerdən aşağı nəticə əldə ediblər.

 

Rusiyanın işğal planı

 

Ukrayna əsgərlərinin “qara günəş” simvolu ilə nümayiş etdirilməsi Rusiya Prezidenti Vladimir Putinin irəli sürdüyü işğalın səbəblərinin müzakirəsinə səbəb olub.

 

 

Putin müharibə ilə bağlı mesajlarında diqqətə çatdırıb ki, o, Ukraynanı nasistlərdən təmizləmək niyyətindədir. Reallıq isə ondan xəbər verir ki, Putinin Ukraynanın nasist ölkəsi olması ilə bağlı iddiası inandırıcı deyil, ümumilikdə Ukrayna nasistlərin və ya faşistlərin nəzarəti altında deyil. Sadəcə bir neçə nümunə istisna hesab oluna bilər.

Gununsesi.info