Rusiyada iqtisadi çöküş və siyasi parçalanma qaçılmazdır - VAHİD ƏHMƏDOV

  • By admin
  • 09 Mart 2022 19:44
Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə artıq müxtəlif iri şəhərləri əhatə edib. Rus qoşunları sivil insanları, mülki obyektləri hədəf alaraq bombalayır. Buna görə də dünya ölkələri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edirlər.
 
 
Maraqlıdır ki, bu sanksiyalar Rusiya Prezidenti Vladimir Putini durdura biləcəkmi? Rusiya müharibəyə başlamaqla nələri itirəcək?
 
Gununsesi.info bildririr ki, məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.
Deputat bildirib ki, Rusiyada iqtisadi çöküş və siyasi parçalanma qaçılmazdır:
“Rusiya Ukraynaya hücum etməklə çox ciddi səhvə yol verib. Ona görə ki, müəyyən məsələləri hesablamayıb. Onlar Ukrayna xalqının əzmkarlığını, Zelenskinin iradəsini o qədər də diqqətə almayıb. Müharibənin 14-ci günü olmasına baxmayaraq, Rusiya öz istəklərinə nail ola bilməyib və təxminən 11 mindən çox itkisi var. İndi Belarusdan başqa bütün dünya ölkələri Ukraynanı müdafiə edir və yardımlar göndərir. Aldığım məlumata görə, hətta 100 minə yaxın legioner Ukraynaya vuruşmağa gəlib. Eyni zamanda, iqtisadi və hərbi silah-sursat baxımından dünya ölkələri Ukraynaya dəstək olur”.
Millət vəkili Ukrayna ordusunun döyüş taktikasına da diqqət çəkib:
“Tarixdən məlumdur ki, Ukrayna dövləti İkinci Dünya müharibəsində partizan döyüşlərinə cəlb olunub və döyüşləri uğurla da aparıb. İndi də faktiki olaraq müəyyən şəhərlərdə, kəndlərdə Rusiya ordusunu tələyə salır, sonra hər tərəfdən hücum edib onları tərksilah edirlər. Bu müharibədə Rusiyanın kifayət qədər böyük itkisi var və bu, Rusiya üçün gözlənilən deyildi. Hesab edirəm ki, müharibə hələ bir müddət uzanacaq. Ola bilər bir ay, yaxud 20 gün davam etsin, amma axırda məsələ heç də Rusiyanın xeyrinə olmayacaq. Hətta ABŞ prezidenti Co Bayden belə bir bəyanat verib ki, biz artıq NATO dövlətlərinə icazə veririk, Ukraynaya istədikləri vaxt təyyarələr verə bilərlər. Bu da ciddi məsələdir. Bununla yanaşı Ukrayna dövləti kifayət qədər silah-sursata malikdir. Həmçinin Ukraynada təslim olmaqla bağlı əhval-ruhiyyə yoxdur və onlar sona qədər vuruşacaqlar”.
Gununsesi.info
V.Əhmədov Rusiyaya tətbiq olunan sanksiyalardan da danışıb:
“Rusiya dövlətinə çox böyük embarqolar qoyulub. SWIFT-dən çıxarılıb, 5 əsas bankları kənarlaşdırıb və digər iqtisadi sanksiyalar tətbiq olunub. Bu sanksiyaları Rusiya 10-15 günə hiss edəcək və ciddi iqtisadi çöküntülərə gətirib çıxaracaq. Hesab edirəm ki, bu müharibədə Rusiya dövlətinin qalib gəlməsi sual altındadır”.