Rusiyalı deputatların açıqlamaları Qazaxıstanda narazılığa səbəb olub

  • By admin
  • 23 Dekabr 2020 19:43
“Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov və Yevgeni Fyodrovun açıqlamaları Moskvanın rəsmi mövqeyini əks etdirmir”.
Gununsesi.info bildirir ki, bu barədə “İnterfax”ın məlumatın verib. Bu sözləri Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib. Nazir rusiyalı deputatların açıqlamalarını “sayıqlama” adlandırıb.
Deputat Vyaçeslav Nikonov bir neçə gün əvvəl Rusiyanın “Birinci kanal”ının efirində demişdi ki, “Qazaxıstanın ərazisi Rusiya tərəfindən böyük hədiyyədir”.
Bundan sonra Rusiya səfirliyinin müvəqqəti nümayəndəsi Qazaxıstanın xarici işlər nazirliyinə dəvət edilmişdi.
Fyodrov növbəti gün “Belrusinfo”nun “Yutub” kanalında yenə “Qazaxıstana bağışlanan ərazilər”dən danışmış, Qazaxıstan XİN-inin reaksiyasını isə nankorluq kimi qiymətləndirmişdi. Dekabrın 20-də Fyodrov elə həmin kanalda demişdi ki, Qazaxıstan Sovet dövründə ərazilərin bir hissəsini icarəyə götürüb, SSRİ-dən çıxandan sonra isə əraziləri geri qaytarmalı idi.
Fyodrov çıxışı zamanı Qazaxıstanın Rusiya ilə vahid dövlət şəklində birləşməsinin labüdlüyünə dair çağırış da edib.
“Bir qazax və Qazaxıstan vətəndaşı kimi demək istəyirəm ki, Fyodrovun çıxışı – o, dünən də sözlərini təkrar edib – mənim qüruruma toxunur. Ali təhsilli, vətənimizin tarixini bilən şəxs kimi mən bu fikirlərə rus dilindəki “qoca madyanın sayıqlaması” ifadəsi ilə cavab vermək istərdim. Belə məsələlər qaldırılarkən ilk növbədə tarixçilərə, alimlərə istinad edilməlidir”, – deyə Tleuberdi parlamentdəki çıxışında bildirib.
Nazir xatırladıb ki, Nikonovun çıxışından sonra Rusiya səfirliyinin nümayəndəsinə Qazaxıstan rəhbərliyinin rəsmi mövqeyini əks etdirən nota təqdim olunub.