Rusiyanı AŞ PA-ya buraxdılar - AZƏRBAYCAN DA DƏSTƏKLƏYƏNLƏR SIRASINDA OLDU

  • By admin
  • 25 İyun 2019 14:08

Strasburqda doqquz saatlıq qızğın müzakirələrdən sonra Avropa Şurası Parlament Assambleyası Rusiyanın AŞPA-ya qayıtmasına imkan verən qətnaməni təsdiqləyib.

Gununsesi.org-un xəbərinə görə, Reqlament Komitəsinin hazırladığı qətnamənin mətnində deyilir ki, assambleyada səsvermə, çıxışlar və onun orqanlarında təmsilçilik hüququ dayandırılmamalıdır. Sənədin müəllifi, belçikalı deputat Petra de Sutterdir.

Gürcüstan KİV-in məlumatına görə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri tam tərkibdə qətnamənin əleyhinə səs veriblər. Həmçinin Polşa, Litva, Latviya, Böyük Britaniya, Estoniya və İsveç nümayəndə heyətlərinin üzvlərinin çoxu sənədin əleyhinə səs verib.

Sənədi tam tərkibdə Fransa, İtaliya, Avstriya, Azərbaycan, Kipr, İspaniya, İslandiya, İrlandiya, Norveç, Portuqaliya, Serbiya, San-Marino və Türkiyə nümayəndə heyətləri dəstəkləyiblər.

Ermənistan, Belçika, İsveçrə, Çexiya, Moldova, Rumıniya, Danimarka, Almaniya, Niderland, Finlandiya, Xorvatiya nümayəndə heyətlərinin bir hissəsi də Rusiyanın AŞPA-ya qayıtmasını dəstəkləyib.

Nəticə etibarilə qətnaməni 118 deputat dəstəkləyib, 62-i əleyhinə olub, 10-u bitərəf qalıb.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımın anneksiyasından sonra AŞPA-da səs hüququndan məhrum edilmişdi.

Rusiyanın AŞPA-ya qayıtmasının Azərbaycan tərəfindən dəstəklənməsi Bakı və Kiyevin münasibətlərinə mənfi təsir göstərə bilər. Belə ki, indiyədək Bakı Ukraynanın ərazi bütövlüyünü və ümumiyyətlə, bu prinsipi dəstəkləyib.

Gununsesi.org