
FETÖ-yə qarşı mübarizədə Türkiyə və Azərbaycan hər cür əlaqə vasitələrindən istifadə edirlər.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında hər təhdid və təhlükəyə qarşı mübarizə sahəsində sıx informasiya mübadiləsi əlaqəsi mövcuddur: “Türkiyə əldə etdiyi bilgiləri uyğun kanallarla Azərbaycanla paylaşır. Biz Azərbaycanla təcrübə və məlumatları bölüşürük. Azərbaycanın da vacib bildiyi tədbirləri öz iradəsi çərçivəsində görməsi üçün lazimi qurumların müraciəti əsasında dəstəyimizi göstərməyə hazırıq”.
Səfir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında son illər hər sahədə əməkdaşlıq ciddi şəkildə irəliləyib: “Buraya hərbi sahədə əməkdaşlıq, Türk Silahlı Qüvvələrinin və Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin genişləndirilməsi daxildir. Bunun ən başında da hərbi təlimlər dayanır. Yaxın gələcəkdə də bütün bu fəaliyyətlər ləngimədən davam edəcək. Türkiyə çox ciddi və ağır təcrübədən keçdi. Bununla əlaqədar qısa müddətdə müəyyən yavaşlamaların olmasını təbii qarşılamaq lazımdır. Güman edirəm ki, yaxın vaxtlarda bu sahədə dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin şahidi olacağıq”.
Gununsesi.info