
Sərkisyan başa düşür ki, hakimiyyətdən getsə, Ermənistan və Dağlıq Qarabağdakı narazı dairələr dərhal onu hədəfə alacaqlar.
Gununsesi.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Ermənistan prezidentinin Dağlıq Qarabağ səfərini şərh edən poitoloq bildirib ki, Sərkisyan bundan öncə də dəfələrlə separatçıları sakitləşdirməyə gedib: “Çünki 1990-ci ildən bu yana verilən bəyanatlar faktiki olaraq sabun köpüyü kimi partlayıb. İndi də Sərkisyan Qarabağa məhz separatçılara dəstək vermək üçün gəlib. Ermənistan prezidentinin verdiyi vədlər tamamilə əsassızdır. Azərbaycan öz torpaqlarını azad etmək fikrindədir və bunun üçün də heç kəsdən icazə almayacaq. Artıq çox gecdir. Nə “İsgəndər”lər, nə də digər silahlar Sərkisyana kömək edəcək. Sərkisyan başa düşür ki, o, hakimiyyətdən getsə, Ermənistan və Dağlıq Qarabağdakı narazı dairələr dərhal onu hədəfə alacaqlar”.
Politoloqun fikrincə, Sərkisyan son açıqlamaları ilə əslində Azərbaycan torpaqlarını tapdalayan erməni əsgələrini də çətin vəziyyətdə qoydu: “Ermənistan prezidenti növbəti dəfə öz diliylə dünyaya sübut etdi ki, separatçı rejimə dəstək verən məhz işğalçı Ermənistandır. Çətin vəziyyətdə qalan Sərkisyan seçkiqabağı kampaniya üçün hətta bundan da çəkinmədi”.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan martın 25-də Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edərək separatçıların liderləri ilə görüşüb.
Gununsesi.info










