
“Türkiyə ilə Rusiya arasında yeni nəsil “S-400 Triumf” zenit-raket sistemlərinin satın alınmasına dair danışıqlar davam etdirilir”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Diriöz “Rossiya segodnya” Xəbər Agentliyinin ofisində keçirdiyi mətbuat konfransında belə deyib.
Belə ki, H.Diriöz “S-400 Triumf” batareyalarının Türkiyəyə çatdırılması istiqamətində aparılan danışıqlarda ciddi irəliləyiş olduğunu bildirib.
Hüseyn Diriözün sözlərinə görə, hazırda müqavilənin bütün texnik detalları üzərində danışıqlar aparılır.
Qeyd edək ki, “S-400 Triumf” zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu raketlər 400 kilometr məsafədə istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400″ kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur.
Anar
Gununsesi.info