Saakaşvili Lukaşenko ilə görüşlərindən danışdı

  • By admin
  • 10 Fevral 2022 16:45

Gürcüstanda ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosessi keçirilir. Məhkəmədə Mixeil Saakaşvili Belarusun başçısı Alyaksandr Lukaşenko ilə Londonda keçirdiyi “tarixi” görüşlərdən danışıb:

O deyib ki, bu danışıqlarda Lukaşenkanı Rusiyanın ardınca Gürcüstandan qopmuş Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınmamasına inandırmaq istəyirdi.

Fevralın 9-da məhkəmədə danışan Saakaşvili deyib ki, o Lukaşenkanı Gürcüstanın separatçı bölgələrini tanımaqdan daşındırmaq məqsədilə Londonda onunla dörd dəfə görüşüb.

O bu görüşlərin keçirildiyi dəqiq yeri açmayıb:

“Mən Londonda Lukaşenko ilə dörd dəfə gizli görüşmüşəm. Mən ilk dəfədir ki, bu barədə açıq danışıram. Bu məxfi diplomatiya idi. Lukaşenka məhz mənim London səfərlərimin sayəsində Cənubi Osetiya və Abxaziyanı tanımadı”.

İttihamları qəbul etmir

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili hazırda mənimsəmə ittiham ilə Tbilisidə mühakimə olunur.

Ona qarşı habelə 2007-ci ilin noyabrında antihökumət nümayişinin zorakılıqla yatırılması və sərhədin qanunsuz keçilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

O özünə qarşı bütün ittihamları “siyasi motivli” adlandırır və qətiyyətlə rədd edir.

Moskva iki separatçı regionun müstəqilliklərini 2008-ci ilin avqustunda beş gün davam edən Rusiya-Gürcüstan müharibəsinin dərhal ardınca tanıyıb.

O vaxtdan bəri Rusiya Cənubi Osetiya və Abxaziyada öz qoşunlarını saxlayır.

Bu iki bölgənin müstəqillyini Rusiyadan başqa yalnız bir-iki ölkə tanıyıb.

Rusiya-Belarus manevrləri ərəfəsində

Bu həftənin əvvəllərində rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun suallarına cavab verən Lukaşenko demişdi ki, o “əgər bunda zərurət görərsə”, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıya bilər.

Saakaşvilinin bu bəyanatı Ukrayna, habelə NATO üzvləri Polşa və Litvanın sərhədləri yaxınlığında keçiriləcək Rusiya-Belarus hərbi manevrlərindən bir gün əvvələ təsadüf edir.

Bəyanat həm də Ukraynaya görə Qərb və Rusiya arasında gərginliyin son həddə çatdığı zamanda verilib.

54 yaşlı Saakaşvili oktyabrın 1-dən həbsdədir. Keçmiş prezident həmin gün uzunmüddətli mühacirətdən sonra vətəninə qayıtmışdı.

Bundan əvvəl Saakaşvili Gürcüstanda qiyabi olaraq 6 il müddətinə azadlqıdan məhrum edilib. O özünə qarşı ittihamları qəbul etmir.

 

 

Gununsesi.info