Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili haqqında 6 il həbs cəzası qərarı verib.
Gununsesi.info “Dünya bülleteni”nə istinadən xəbər verir ki, sabiq prezident gürcü deputat Valeri Gelaşvilinin qaçırılaraq döyülməsi hadisəsi ilə bağlı vəzifəsindən sui-istifadə etməkdə və zorakılıqda ittiham edilib.
Bu, Saakaşvili haqqında ikinci qiyabi həbs qərarıdır. O, bundan öncə Birləşmiş Gürcüstan Bankının əməkdaşı Sandro Qirqvlianinin cinayətində qatil haqqında əfv qərarı çıxardığı üçün “mənafeyini qorumaqda” ittiham edilmiş və 3 illik həbs cəzası almışdı. Lakin, 2013-cü ildən sonra Gürcüstanı tərk edərək Ukraynada yaşamağa başladığı üçün həbs qərarı icra edilməmişdi.
Qeyd edək ki, Saakaşvili ötən il Ukraynada da həbs edilmiş, daha sonra Polşaya deportasiya edilmişdi. O, hazırda Hollandiyada yaşayır.












