“Sabah” Vernidubla anlaşır

  • By admin
  • 29 Sentyabr 2019 18:37

Xəbər verdiyimiz kimi, “Zarya”nın sabiq baş məşqçisi Yuri Vernidub “Sabah”la danışıq aparmaq üçün Bakıdadır. Dünən gecə saatlarında paytaxtımıza gələn ukraynalı mütəxəssis sabah klub rəhbərliyi ilə görüşəcək.

Gununsesi.org xəbər verir ki, artıq tərəflər arasında ilkin fikir mübadiləsi olub. 3 illik müqavilə tələb edən 53 yaşlı çalışdırıcı rəhbərliyin qarşısına konkret şərtlər qoyub. Təcrübəli məşqçi ilk növbədə tələb edib ki, transfer büdcəsi artırılmalı və işinə heç bir müdaxilə olunmamalıdır.

Hələlik müqavilənin müddəti ilə bağlı müəyyən fikir ayrılığı var. “Sabah” rəhbərliyinin istəyi “1+2 illik” sözləşmədir. Verniduba ən yaxşı halda isə “2+1 illik” müqavilə təklif oluna bilər. Bütün məsələlərə sabahkı görüşdən sonra tam aydınlıq gələcək. Hazırda isə ukraynalı məşqçi “Sabah”-“Səbail” matçını stadiondan canlı izləyir.

Onu da əlavə edək ki, hazırda “Sabah”ın baş məşqçi postuna ən real namizəd məhz Vernidubdur. Klubun təklif göndərdiyi digər məşqçilərdən hazırda “Astana”nı çalışdıran Roman Qriqorçuk Azərbaycana qayıtmaq barədə düşünmədiyini bildirib. “Ordabaşı”nın baş məşqçisi Kaxaber Sxadadze isə yalnız Qazaxıstanda çempionat başa çatdıqdan sonra – noyabrın sonlarında təklifə cavab verə biləcəyini söyləyib.

 

 

 

Gununsesi.org