Sabiq müstəntiqə görə səfirliklərə müraciət edildi -ATASI RÜFƏT SƏFƏROVA TƏZYİQLƏRDƏN DANIŞIB

  • By admin
  • 15 Mart 2017 09:24

el-ruf

9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun həyatı təhlükədədir.

Gununsesi.info xəbər verir ki, bu barədə martın 14-də Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısında məlumat verilib.

Komitənin rəhbəri Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Rüfət Səfərovun saxlanıldığı cəzaçəkmə müəssisəsində ona işgəncə verilməsindən danışarkən bildirib ki, bu gün ölkəmizdə həbsxanalar islah yerlərindən daha çox işgəncə yuvalarına çevrilib. Komitə sədri deyir ki, əlində dəyənək tutan polisin özü hakimiyyətin əlində dəyənəyə çevrilib.

Rüfət Səfərov haqda danışan ziyalı bildirib ki, onun məhz üsyankar addımına görə cəzalandırıldığı, əslində günahsız olduğu, şərlənərək uzunmüddətli həbs cəzasına məhkum edildiyi hamıya məlumdur. Amma görünür, hakimiyyət bu cəza ilə kifayətlənməyib, həbsdə də ona əzab vermək yolunu seçib. Eldəniz Quliyev xatırladıb ki, ABŞ Dövlət Departamentinin Azərbaycanda İnsan haqlarının durumu ilə bağlı hesabatında Rüfət Səfərovun həbsindən də bəhs olunur. Bundan əlavə, onun “vicdan məhbusu” kimi tanınması üçün müvafiq addımlar atılır.“Biz haqqı müdafiə edirik, nahaqqa qarşı çıxırıq. Rüfət Səfərovu “kars”a salıb, orada ona işgəncə vermək, günlərlə ac saxlamaq qanunsuz olmaqla yanaşı, həm də vicdansız və Allahsız bir hərəkətdir”, – deyə Eldəniz Quliyev bildirib.

Rüfət Səfərovun atası Eldar Sabiroğlu da toplantıda iştirak edib. O bildirib ki, Rüfət Səfərov cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra birinci dəfə bir həftə, ikinci dəfə üç gün olmaqla, iki dəfə “karsa” salınıb. Hər ikisində də acınacaqlı şəraitdə saxlanılıb: “Rüfət üç gün soyuq “kars”da, beton döşəmənin üstündə diziüstə, qalıb. Səhərlər yatağı da götürüb aparıblar, bir də axşam gətiriblər. Ona səhər, günorta və axşam su veriblər, vəssalam. Suyu da səhər bir stəkan verəndə günorta yarım stəkan gətiriblər. Bir dəfə qapını döyüb nəzarətçidən siqaret istəyib, onu da verməyiblər. Bu dəfə “kars”dan çıxandan sonra anası, mən və bacısı onunla görüşə getmişdik, Rüfəti görəndə tanımadıq. Təxminən 15 kiloqram arıqlayıb, rəngi qapqara idi. Çətinliklə danışırdı, hətta yeriyişini də itirib. Anası onu görəndə dəhşətə gəldi, mən özümü zorla saxladım. Anası bu vəziyyətə düşməyinin səbəbini soruşanda Rüfət dedi ki, ona çox əziyyət verirlər, neçə gün ac saxlayıblar. O qədər intiqam hissi ilə yanırlar ki, onu məhv eləmək niyyətləri də istisna olunmur. Görünür, hələ ki, onu bir neçə dəfə cəzalandırıb, sonra da bundan bəhanə kimi istifadə edib Qobustandakı qapalı həbsxanaya göndərmək istəyirlər”.

Rüfət Səfərovun “karsa” salınmasının səbəbinə gəlincə, atası söyləyir ki, oğlu oturduğu yerdə keçmiş polis işçisi olan Əjdər adlı bir məhkum gəlib, ona “sən vətən xainisən” deyib. Rüfət Səfərov da təxribat olduğunu düşünərək, cavab verməyib, birbaşa cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məsələ haqda məlumat verib. Ertəsi gün Rüfətin özünü cərimə kamerasına salıblar.

Sonda Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatlara müraciət qəbul edib. Müraciətdə Azərbaycanda insan haqlarının pozulmasından, repressiyalardan bəhs olunur.

Qeyd edilir ki, hazırda ölkədə təxminən 160 nəfər siyasi məhbus var. Rüfət Səfərov da şərlənərək həbs olunan siyasi məhbuslardan biridir.

Gununsesi.info