Sahil Babayev əlillər üçün reabilitasiya mərkəzinə baş çəkdi - FOTO

  • By admin
  • 23 İyun 2018 13:38

Sahil Babayev əlillər üçün reabilitasiya mərkəzinə baş çəkdi

Əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) Sahil Babayev Şirvana səfəri çərçivəsində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinə gəlib, burada göstərilən reabilitasiya xidmətləri ilə yerindəcə tanış olub.

ƏƏSMN-dan müəssisədə Şirvanda və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilir. Nazir mərkəzdə yaradılmış şəraiti, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurlarını, əlilliyi olan insanların tibbi, sosial, habelə peşə diaqnostikası və reabilitasiyası üçün aparılan işləri nəzərdən keçirib.

S.Babayev mərkəzdə bərpa müalicəsinə cəlb edilmiş əlilliyi olan şəxslərlə də görüşüb, göstərilən xidmətlərlə, tətbiq olunan bərpa müalicəsi prosedurlarının nəticələri ilə bağlı onların fikirlərini öyrənib.

Məlumatda bildirilib ki, müəssisənin kollektivi ilə görüşdə nazir reabilitasiya sisteminin əlilliyi olan şəxslərin sağlamlığının bərpası, həmin şəxslərin yenidən sağlam insan kimi cəmiyyətə qaytarılması, reabilitasiya səviyyəsinin artırılması məqsədinə xidmət etdiyini vurğulayıb.

O bildirib ki, digər bərpa müəssisələri kimi, Şirvandakı Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi də fəaliyyətini məhz bu məqsədə doğru qurmalıdır. Əlilliyi olan insanlara xidmətlər yalnız tibbi yanaşma əsasında deyil, həmçinin sosial reabilitasiya yönümlü olmalıdır.

S.Babayev bərpa müalicəsi prosedurlarında konkret səmərəli nəticələrə imkan verən təkmilləşdirmə işlərinin aparılması, həkim-reabilitoloqların peşəkarlıq səviyyələrinin artırılması, əlilliyi olan insanlarla işin fərdi reabilitasiya planları əsasında təşkil edilməsi, onlara daim qayğı və həssaslıqla yanaşılması və s. barədə tapşırıqlar verib.