Sahil Babayev canlı yayımda ondan pulunu tələb edən iş adamını həbs etdirib

  • By admin
  • 09 Mart 2023 13:40

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən “TUA TT” MMC-nin rəhbəri Tural Alışanlı 5 il azadlıqdan məhrum edilib.

Gununsesi.info-nun xəbərinə görə, Alışanlı evlərin tikintisi üçün ayrılmış vəsaitin 159 min manatlıq hissəsinin yeyintisində təqsirli bilinib.

O, CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə mühakimə olunurdu ki, bu maddədə də 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Prokuror Alışanlıya 12 il cəza verilməsini təklif etmişdi.

Barəsində çıxarılan hökmdən narazı qalan sahibkar Prezidentə məktub yazıb.

Gununsesi.info-nun redaksiyasına təqdim olunan məktubda deyilir:

Mən Sahil Babayevin hikkəsinin qurbanı olmuşam. Evlərin tikintisi üçün tenderin qalibi olandan sonra hissə-hissə vəsaitlər köçürülüb və evlər də tikilib. Yarımçıq işləri tamamlamaq üçün nazirlikdən qalan 157 minlik borcumu istəmişəm.

Bu məqsədlə nazir müavini Vüsal Nəsirli ilə görüşdüm. Dedi ki, o pul verilməyəcək. Sənə 20 min veriləcək, işləri tamamla, təhvil ver. Dedim, mümkün deyil. Bildirdi ki, sənə vaxt veririk, fikirləş. Razılaşmadım. Sonra mənə dedi ki, nazir mənim hərəkətlərimdən əsəbiləşib. Dörd ay sonra Sahil Babayev Asan Radioda efirdə olanda Facebook vasitəsilə ona müraciət etdim. Ondan sonra mənim haqqımda Baş Prokurora məktub göndərdi. Beləcə onun sifarişi ilə həbs olundum”.

İş adamı məktubunun sonunda Prezidentdən qarşıdakı apellyasiya şikayətinə ədalətli baxılmasına köməklik göstərilməsini xahiş edib.

 

Elmar Elnuroğlu

Gununsesi.info