Sanksiyaların Cənubi Qafqaza da təsiri olacaq

  • By admin
  • 15 Avqust 2018 11:31

“Bu sanksiyalar çox ağır sanksiyalardır”.

“Turan” agentliyinin məlumatına görə, deputat Vahid Əhmədov ABŞ-ın Rusiya, İran və Türkiyəyə sanksiyalarının regiona təsirlərini şərh edərkən belə deyib.

Deputat daha sonra əlavə edib:

“Bu, üç dövlət, Azərbaycanla yüksək ticarət əlaqələri olan dövlətlərdir. Türkiyə ilə iki milyardan çox, o cümlədən Rusiya ilə iki milyarddan yuxarı, İranla 300 milyon dollara yaxın ticarət əlaqələrimiz var. Azərbaycan dövləti həmin dövlətlərə investisiya qoyub. Həmin dövlətlər də Azərbaycana investisiya yatırıb. Bu sanksiyaların aqibətinin necə olacağı hələ bilinmir. Çünki ABŞ-ın Rusiyaya, İrana, Türkiyəyə qoyduğu şərtlər çox ağır şərtlərdir. Faktiki olaraq Amerikanın təsiri milli valyutaları kəskin ucuzlaşmaya gətirib çıxarıb”

Rusiya, İran və Türkiyənin müəyyən addımlar atmağa çalışdığını bildirən Vahid Əhmədov bunun çətin olduğunu ifadə edib. Onun fikrincə, sanksiyalardan Qafqaz da təsirlənə bilər:

“Hesab edirəm ki, bu sanksiyaların Qafqaz ölkələrinə müəyyən qədər təsirləri olacaq. Ola bilər ki, birinci bir-iki ay ərzində müəyyən daxili ehtiyatlar hesabına milli valyutaların kursunu qoruyub saxlasınlar. Amma sonradan milli valyutaların əvvəlki kursunu qoruyub-saxlamaq çətin problemlər yarada bilər”

Deputatın fikrincə qonşu dövlətlərdə milli valyutaların ucuzlaşması, Azərbaycandan ötrü, həm də müsbət haldır:

“Bütün bunlara baxmayaraq ticarət əlaqələri çox böyük olduğu üçün, əlbəttə biz müəyyən əziyyət çəkəcəyik. Azərbaycan dövləti müəyyən qadağalarla üzləşə bilər. Çünki qoyulan sanksiyalar İrandan, Türkiyədən, Rusiyadan Azərbaycana gələn malların idxalında müəyyən problemlər yarada bilər. O cümlədən Azərbaycandan da həmin dövlətlərə ixrac olunan mallarla bağlı müəyyən problemlər yarana bilər”.

“İlin sonunadək Azərbaycan daxili ehtiyatı hesabınamilli valyutasını qoruyub saxlaya bilər”

Vahid Əhmədov hesab edir ki, bu ilin sonunadək, bu vəziyyət davam edərsə Azərbaycan daxili ehtiyatı hesabına öz milli valyutasını qoruyub saxlaya bilər:

“Milli vatyutanın dəyərdən düşməsi üçün elə bir əsas yoxdur. Çünki neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldodur, Mərkəzi Bank pul kütləsinə nəzarət edir. Burada əsas məsələ Azərbaycandan xaricə valyuta axınının qarşısını almaqdır. Əgər, bunu dövlət bacaracaqsa, Azərbaycandan həmin üç dövlətə dolların axını baş verməyəcəksə, ciddi problem yaranmayacaq. Amma, bu da çox çətin prosesdir, bunun qarşısını almaq da çox çətindir”.

Azərbaycanın sanksiya tətbiq edilən üç ölkədəki investisiyalarına gəlincə isə millət vəkili deyib:

“Onlara dəymək olmaz. Hesab edirəm ki, sanksiya prosesi çox uzun müddət davam edə bilməz. İstər Türkiyə, istər İran, istərsə də Rusiya olsun, yəqin ki, ABŞ-la, Avropa ilə müəyyən danışıqlara gedəcək. Onda hər şey qaydasına düşəcək”.

Xatırlatma

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvaya bir sıra sanksiyalar tətbiq edib. Rusiyanın Ukraynanın şərqində separatçıları dəstəkləməsi və 2016-cı ildə ABŞ-da seçki kampaniyasına iddia olunan müdaxiləsi sanksiyaların gücləndirilməsinə səbəb olub.

ABŞ prezidenti Donald Trump bu il həmçinin, İranın üzərinə əsas maliyyə sanksiyalarının təkrar qoyulması barədə sərəncam verib. Beləliklə ABŞ 2015-ci ilin nüvə sazişini tərk etdiyini bildirəndən üç ay sonra Tehranın valyuta alışlarını və əsas sənayelərini vuran sanksiyalar yenidən qüvvəyə minib.

Bu il habelə, amerikalı rahib Bronsonun saxlanması və kütləvi həbslərlə bağlı ABŞ Türkiyənin iki nazirinə də sanksya qoyub.

Bunun ardınca Türkiyədən idxal edilən malların gömrük rüsumu da 2 qata çıxarılıb. Bütün bunlardan sonra hər 3 ölkənin mülli valyutalarının məzənnəsində eniş başlayıb.