SOCAR dəyişir: Rövnəq Abdullayevin “köhnə” və yeni müavinləri

  • By admin
  • 12 Avqust 2021 14:31

Xəbər verdiyimiz kimi, ötən gün SOCAR-a iki yeni vitse-prezident təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar.

Bundan əlavə, ölkə başçısı “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib.

Fərmana əsasən Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən və 12 vitse-prezidentdən ibarət olacaq. Ümumilikdə 14 nəfər rəhbərlikdə təmsil olunacaq.

Gununsesi.info-nun məlumatına görə, son təyinatdan sonra SOCAR-da İdarət Heyəti üzvlərinin sayı 11 nəfərdir. Şirkətin rəhbəri Rövnəq Abdullayev, birinci vitse-prezident isə Xoşbəxt Yusifzadədir. Digərləri – 9 nəfər SOCAR-da vitse-prezident vəzifəsini tutur. Hazırda üç vitse-prezident postu boş qalır.

Xatırladaq ki, Prezidentin iyulun 19-da imzaladığı sərəncamlarla Dövlət Neft Şirkətinin (SOCAR) 4 vitse-prezidenti vəzifələrindən azad edilib. Bunlar David Məmmədov, Tofiq Qəhrəmanov, Bəhram Hüseynov və Mikayıl İsmayılovdur.

David Məmmədov və Mikayıl İsmayılov 2005, Tofiq Qəhrəmanov 2010, Bəhram Hüseynov isə 2016-cı ildən bu vəzifədə çalışıb.

SOCAR-ın digər vitse-prezidentləri aşağıdakılardır:

– Birinci vitse-prezident Xoşbəxt Yusifzadə

İqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımov

Sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirov

Sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlov

Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov

Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Daşqın İskəndərov

Ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə

Yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov

Qeyd edək ki, ötən gün yüksək posta təyinat alan Kənan Nəcəfov və Zaur Qurbanovun hansı sahə üzrə fəaliyyət göstərəcəyi hələlik məlum deyil. SOCAR-ın rəsmi saytında bu barədə məlumat yerləşdirilməyib.