SOCAR ölkədən qaçan məşhur alimi məhkəməyə verdi - 4 milyonu kim mənimsəyib?

  • By admin
  • 04 May 2020 11:01
SOCAR vətəndaşların azı 4 milyonunu mənimsəyərək Azərbaycandan ABŞ-a qaçan məşhur gənc alim Sənan Eminovu məhkəməyə verib.
 
Gununsesi.org “BakuPost”a istinadən xəbər verir ki, buna səbəb S.Eminovun dövlət qarşısında götürdüyü öhdəlikləri yerinə yetiməməsidir.
O, “Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə olaraq ən yüksək balı (229 mütləq baldan 228 bal) topladığı üçün mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunduqdan sonra dövlətin təhsillə bağlı proqramlarına cəlb olunub.
2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistratura, daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.
“Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, dövlət hesabına xaricdə təhsil alan tələbə təhsili bitirdikdən sonra beş il işləmək üçün Azərbaycan Respublikasına qayıtmalıdır.
Sənan Eminov Azərbaycana qayıdandan sonra rektor Elmar Qasımovun dəvəti ilə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alıb, həmin mərkəzə rəhbər təyin olunub, eyni zamanda elmi şuraya üzv seçilib. Amma qanunda göstərilən 5 il müddətini başa vurmadan işdən çıxaraq, ölkədən gedib.
Buna görə də, SOCAR onu məhkəməyə verərək, təhsil müddətində çəkilən xərcləri geri tələb edir. Qanunda göstərilir ki, təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır.
Hazırda bu istiqamətdə hüquqi addımlar atılır.
Qeyd edək ki, Azərbaycanın gənc və perpektivli gənc alimi ona yaradılan şəraitdən, əlaqələrdən istifadə edərək, ayrı-ayrı şəxslərə böyük məbləğlərdə pul “atıb”. Burda söhbət ən azı 4 milyondan gedir.
Zərərçəkmişlərin bir qismi pulların geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bəziləri hesab edir ki, hələ orta məktəbdə oxuyarkan dövlətin diqqəti və xüsusi qayğısını görən, təhsilini bitirdikdən sonra isə yeksək əmək haqqı alan Sənan Eminovun bu çirkin oyunlara girməsi təkcə özü ilə bağlı məsələ deyil: “Burada hələ bəlli olmayan fantastik məbləğlər var. Emin sadəcə fiqurdu…”
Gununsesi.org