Sonuncu mogikan - ESMİRA İSMAYILOVA YAZIR

  • By admin
  • 06 Aprel 2018 11:30

Allah sənə rəhmət eləsin, xan Lənkəranın Xan oğlu!

Ölüm nurlu bir insanı aramızdan apardı.Respublikanın əməkdar müəllimi, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, şair, tədqiqatçı, etnoqraf, folklorşünas, AYB-nin üzvü  Hacı Mİrhaşım Talışlı axşam saatlarında dünyasını dəyişərək haqqın dərgahına qovuşdu.Ölüm haqdır, çıxmaq olmaz əmirdən-deyilsə də, yaxınlarımızın, doğmalarımızın itkisi bizi istər-istəməz  ağrıdır. Fərqi yoxdur-cavan ya qoca!

Mirhaşım müəllimin ölüm xəbərini eşidəndə qəlbən sarsıldım.Və  bu ölüm onu tanıyanların hamısını ağrıtdı.Kim idi Hacı Mirhaşım Talışlı? Sözün həqiqi mənasında böyük İNSAN! Talış xanlarının nəslindən olan Mirhaşım müəllim insaniyyəti ilə hamıya örnək ola biləcək şəxsiyyətlərdən idi.Böyükdən kiçiyə heç kim deyə bilməz ki, nə vaxtsa Mirhaşım müəllimdən inciyib.Sadə idi, səmimi idi, çörəkli idi, gərəkli idi.Cənub bölgəsində ən zəngin və qiymətli kitabxanaya sahib idi.Bu kitabxananın qapıları hamının üzünə açıq idi, Mirhaşım müəllim hamıya kömək etməyə, məsləhətlər verməyə hazır idi.Elə ölümünə də.Ölümdən qorxusu yox idi-haqq dünyası üçün savab yükünü tutduğuna görə, daima insanların köməyinə yetdiyinə görə,ibadətinə , tanrının dediklərini etdiyinə görə qəribə bir xatircəmlik vardı bu aqil insanda.

…İnsan  dünyanı tərk edəndə ölümünə yaxınları yas tutur, övladları ağı deyir.Xan Lənkəranımın xan oğlunun ölümünə isə  bütün Lənkəran, cənub bölgəsi , Azərbaycan kədərlənir, ruhuna rəhmət diləyir.Axşam saatlarından social şəbəkələrdə sanki bir bum yaşanır,bu işıqlı, nurlu ağanın, dəyərli ziyalının haqq dərgahına qovuşması xəbəri  dayanmadan ən vacib xəbər kimi paylanılır, kədərlər bölüşülür.Bu haqqı sağlığında qazanmışdı Mirhaşım müəllim…Tanrı ona övlad payı verməsə də, bütün Lənkəran ona  ata kimi , böyük kimi yas saxlayır bu gün.

Jurnalist fəaliyyətimlə əlaqədar məni bu nurlu insanla sıx yaradıcılıq əlaqələri birləşdirirdi. 30 ildən artıq bir dövrdə bölgənin tarixi, etnoqrafiyası, ədəbi mühiti, adət-ənənələri ilə bağlı sujetlərin, məqalələrin hazırlanmasında Mirhaşım müəllimin dəyərli məsləhətlərindən bəhrələnmişəm.Həm də tək mən yox, bölgənin bütün ziyalıları, yazarları.

Hacı Mİrhaşım Talışlı barədə kiçik bir xatırlatma edim.Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran şəhərində anadan olub.16 yaşından başlayaraq “Müsafir” imzası ilə qəzəl, qəsidə, təxmis, mürəbbe, satiric şeirlər yazıb.Əruz vəzninin mahir bilicisi hesab olunurdu.Azərbaycan ədəbiyyatında  ilk dəfə əruz vəznində sonetlər yazıb.”Dedim ki, sözüm qala” şeirlər kitabının, “125 yaşlı məktəb”, “Lənkəran “ kitablarının, “XIX əsr Lənkəran ədəbi mühiti haqqında “ elmi əsərin müəllifidir.2010-cu ildə “ Xatirəmdə yaşayanlar” kitabı çap olunub.”Lənkəran” ensiklopedik məlumat kitabının həmmüəlliflərindən biridir.

Deyirlər insan öləndə 3 şey ölünün arxasınca qəbristanlığa gedir. Ailəsi, malı və əməli. Bunlardan ikisi –ailəsi və malı qayıdır, əməlləri isə qalır. Hacı Mirhaşım Talışlının bu dünyadan apardığı  yükü  savab əməlləri,  bizlərə qalansa zəngin ədəbi iris, insaniyyəti oldu.Yerin həmişə görünəcək , dəyərli ustad, seyid ocağının layiqli nümayəndəsi.Allah sənə   rəhmət eləsin, xan Lənkəranımın xanzadə oğlu!

Esmira İsmayılova

Lənkəran

Gununsesi.info