Spiker AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin görüşündə iştirak edəcək

  • By admin
  • 10 Sentyabr 2016 13:36

oqtay-asadov

Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, nümayəndə heyətinin tərkibinə komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputat, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.

AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı, milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi, inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 16-da başa çatacaq.

Gununsesi.info