Stalinin ölüm maşınının azərbaycanlı icraçısı Ələkbər Abdullayev - Saffari yazır…

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 21:27

Stalin repressiyalarının tüğyan etdiyi 1937-1938-ci illərdə NKVD işçiləri Sovet hakimiyyətinin əsas repressiya silahı olub.

Statistik məlumatlara görə, Azərbaycan SSR-nin NKVD-sində 1935-1939-cu illərdə çalışan 278 şəxsin adı var.

Onlardan 57-si isə milliyətcə azərbaycanlıdır.

Lakin azərbaycanlılara qənim kəsilən, cəlladlıq edən bir azərbaycanlı da odur – Ələkbər Nəbi oğlu Abdullayev.

Ələkbər Abdullayev digər bir NKVD işçisi olan Quli Əbdüləzimovla bir yerdə böyüyüb.

Rus məktəbini bitirən, sonra isə NKVD-nin daxili xidmət və edam dəstəsində yer alan ƏIəkbər Abdullayev, şübhəsiz ki, yuxarılan Allahsız qərarlarını imansız şəkildə yerinə yetirən rəsmi sənədli icraçıdır.

O, əvvəlcə, Dövlət Təhlükəsizliyi Leytenantı olaraq qeydiyyata alınıb.

Daha sonra isə göstərdiyi xüsusi amansızlığa, can alarkən göz yummamağa görə baş leytenant və daha yuxarı pillələrə qədər qalxıb.

Görəsən, vəzifələr, yaşamaq eşqi insanı doğrudanmı caniyə çevirə bilər?

Təsəvvür edin, hər ölüm hökmündən sonra ölümü icra edən cəlladlara hədiyyə olaraq araq verilirdi.

Heç görəsən, o cəlladlar bir dəfə də olsa, içib ağlamışdımı?

Konkret desək, Abdullayev Azərbaycanda Stalin terroru dövründə minlərlə günahsız ziyalının, hərbçinin və ictimai xadimin həbsi, dindirilməsi, onlara ağır işgəncələrin verilməsi və sonda ölüm hökmlərinin (güllələnmə aktlarının) rəsmiləşdirilməsi mexanizmində birbaşa iştirak etmişdir.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 24 avqust 1949-cu il tarixli qapalı fərmanına əsasən, onun adı sonradan orqandakı xidmətlərinə görə təltif edilən yüksək rütbəli kadrlar siyahısında “Polkovnik” rütbəsi ilə keçir.

Doğrudur, bu cür adamlar sonradan xidmət etdikləri system tərəfindən öldürülsə də, istisnalar da olub. Elə Ələkbər Abdullayev də bu istisnalara daxildi.

O, bir çox digər sıravi cəlladlar kimi 1939-cu ildə sistem tərəfindən təmizlənməyib, əksinə, sovet təhlükəsizlik sistemində polkovnik rütbəsinə qədər ucalaraq karyerasını uğurla davam etdirib.

Orxan Saffari
Gununsesi.info