Sürücü fəryad edir: Qəsd yoxdur, qəza buna görə baş verib

  • By admin
  • 03 Mart 2023 15:05

Kürdəmir rayon sakini Araz Ağalarov Bakıda qəza törədib. O, qəzadan sonra üzləşdiyi qanunsuzluqlardan narazıdır və ölkə rəhbərliyinə müraciət edib.

Musavat.com redaksiyasına üz tutan Araz Ağalarov istintaqın obyektiv aparılmasını istəyir:

“Ölkə rəhbərliyinə, hörmətli daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, ombudsman Səbinə xanım Əliyevaya müraciət etmişəm. Bildirmək istəyirəm ki, tərəfimdən yol-nəqliyyat hadisəsi törədilib. İdarə etdiyim avtomobilin əyləcində olan nasazlığa görə Dilsuz Heydər oğlu Məmmədovun avtomobilinə çırpılıb. Ehtiyatsızlıqdan qarşı tərəfə zərər vurmuşam. Baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə Nizami rayon Polis İdarəsində izahatım alınıb. Mən hadisəni qəsdən törətməmişəm. Hər şey ani ehtiyatsızlıq nəticəsində baş verib. Bildirməliyəm ki, mən həmin maşının Dilsuz Məmmədova aid olduğunu çox sonra öyrənmişəm. Belə ki, dostumla birgə evdən pul götürmək məqsədilə getdiyimiz zaman anidən dostum mənə xəbərdarlıq etdi, bu an mən əyləci sıxsam da, əyləc sistemi işləmədi və avtomobilim Dilsuz Məmmədovun avtomobilinə çırpıldı. Nəzərinizə çatdırıram ki, baş vermiş hadisə nəticəsində mən özüm də ağır xəsarət almışam. Bu da açıq-aşkar göstərir ki, hadisə ehtiyatsızlıqdan baş verib”.

Şikayətçi deyir ki, qarşı tərəf qəzanın qəsdən törədilməsini iddia edir: “Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə araşdırmanın aparılması müxtəlif sifarişlər əsasında Bakı Baş Polis İdarəsində aparıldı. Öncə Nizami Rayon Polis İdarəsində obyektiv araşdırma aparılmadı və ədalətli qərarın qəbul edilməsi istiqamətində müxtəlif istintaq hərəkətləri yerinə yetirilmədi. İşə Nizamidə baxılarkən rayon prokurorluğu hər hansı qanunsuz hərəkətə razılıq vermədi. İşi Bakı Baş Polis İdarəsi apardı”.

Şikayətçi qeyd edir ki, Dilsuz Məmmədov onunla dəfələrlə əlaqə saxlayaraq həbs etdirəcəyini, cəzalandıracağını bildirib:

“Hazırkı işin Bakı Baş Polis İdarəsi tərəfindən araşdırılması birbaşa olaraq qanunla qorunan hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnəcək. Bu isə barəmdə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə şərait yaradacaq. Bildirirəm ki, Dilsuz Məmmədov həm istintaq orqanı, həm də ekspertiza ilə qeyri-qanuni əlaqəyə girərək qanunsuz ekspert rəyi alıb. Belə ki, özünə əsassız şəkildə ağır bədən xəsarəti, mənə isə yüngül bədən xəsarəti aldırıb. Bu yolla barəmdə cinayət işi başlanılmasına nail olmaq istəyir. Təkrar qeyd edirəm ki, hadisə nəticəsində ağır bədən xəsarətini mən almışam, qarşı tərəf isə yüngül xəsarət alıb. Məhz bu cür qanunsuz şəkildə barəmdə əsassız olaraq cinayət işi başladıb məni təqsirləndirilən şəxs qismində cəlb etməyə çalışırlar. Bu qəbildən olan işlərdə ekspert rəyi çox mühüm əhəmiyyətə malikdir. Ekspert rəyinin qanunsuz olmağı işin obyektiv, tam, hərtərəfli araşdırmasına maneçilik törətməklə yanaşı, gələcəkdə məhkəmə müstəvisində də qanunsuz hökmün çıxarılmasına birbaşa vüsət yaradacaq”.

Şikayətçi deyir ki, qarşı tərəfin avtomobilinə dəymiş zərər avtomobilin real dəyərindən artıq göstərilib: “Həmin artıq məbləği mənə ödətdirmək niyyətindədirlər. Avtomobil tam şəkildə yararsız vəziyyətə düşməyib, avtomobilə qismən zərər dəyib. Qarşı tərəfin avtomobili yeni deyil, uzun müddətdir istismarda olan avtomobildir. Sizdən xahiş edirəm ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün işi ciddi nəzarətə götürməklə ədalətli qərar qəbul edilməsini təmin edəsiniz”.

Gununsesi.info