“Tərtər İşi”ndə yenilik - Eksqumasiya olunan meyitdə içgəncə izləri aşkarlanıb

  • By admin
  • 03 Avqust 2022 19:22

“Tərtər işi” ilə bağlı istintaqdan xəbər var.

Gununsesi.info bildirir ki, AzadlıqRadiosu-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqın gedişində bir meyit eksqumasiya olunub:

“Söhbət 1993-cü il təvəllüdlü Təmkin Nizamioğlunun məzarının açılmasından gedir.

Mənbə bildirib ki, 2017-ci ilin mayında mərhum leytenantın ölümünə səbəb kimi, sətəlcəm xəstəliyi göstərilib: “Lakin eksqumasiya zamanı onun bədəni üzərində çoxsaylı xəsarətlər aşkarlanıb. Prosesdə iştirak edən tibbi ekspertlər də qeydə alıb. Eksqumasiya prosesi videolentə alınıb. Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan həmin kadrlarda da bunlar əskini tapıb”.

Mərhum leytenantın atası Nizami Quliyev də AzadlıqRadiosu-na məlumatı təsdiqləyib. O bildirib ki, eksqumasiya 2022-ci il mayın 11-də keçirilib. Prosesdə özü də digər oğlu ilə birlikdə iştirak edib:

“Övladım 5 il əvvəl necə idisə, qarşıma da elə çıxdı. Kəfən çürüsə də, bədən olduğu kimi idi. Proses 3 saat yarım çəkdi. Ekspertlər müayinə zamanı xeyli xəsarət aşkarladılar – ikinci, üçüncü, dördüncü fəqərədə sınıq və çat, qolda, qabırğada sınıq, baş hissəsində küt alətlə yetirilmiş zərbələrdən yaranan xəsarət izləri…”

Quliyev danışır ki, 2017-ci il mayın 15-də oğlunun meyitini gətirəndə evdə olmayıb. Onun gəlişini gözləmədən tələsik aparıb dəfn ediblər. Atanın sözlərinə görə, həmin vaxt tabutun üzərinə yapışdırılmış kağızda Təmkin Nizamioğlunun ürək çatışmazlığından vəfat etdiyi göstərilib. Amma sonradan onun sətəlcəm nəticəsində kəskin nəfəs çatışmazlığından ölməsi haqda rəy verilib.

Quliyev oğlunun ölümünə görə məsuliyyət daşıyanların hamısının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir, bu şəxslər sırasında Hərbi prokuror Xanlar Vəliyevin, o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun, tibbi rəy vermiş ekspertlər və başqalarının adlarını çəkir.

Qeyd edək ki, 2017-ci ilin mayında orduda baş verən və şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi üzrə istintaqın təzələnməsindən 8 aya yaxın vaxt keçir. Azərbaycan hərbçiləri arasında Ermənistan üçün casusluq iddiaları üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində gedir.

İstintaq təzələnəndən sonra Baş Prokurorluq prosesin gedişi haqda iki dəfə rəsmi açıqlama yayıb. Həmin açıqlamalarda zərərçəkmişlərin sayı, işgəncə verməyə görə həbs edilənlərin kimliyi, öncə dövlətə xəyanət ittihamıyla tutulan, sonradan başqa maddələrlə məhkum edilmiş şəxslər haqqında hökmlərin ləğv olunması haqda məlumat verilib. Ondan sonra ötən 4 ay ərzində istintaq haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.

Gununsesi.info