Transavia Hava Yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi məcburi eniş edib.
Gununsesi.info xəbər verir ki, buna səbəb salonda pis qoxunun gəlməsi olub.
İspaniyanın Kanarya adalarındakı Las Palmas şəhərindən Amsterdama uçan təyyarə Portuqaliyanın Faro şəhərindəki hava limanına təcili eniş edib.
Qoxu o qədər xoşagəlməz olub ki, sərnişinlərdə baş ağrısı, qusma halları baş verib.
Sərnişinlərdən belçikalı Piet van Haut televiziyaya açıqamasında ondan öncə salona daxil olan kişidən kəskin iy gəldiyini bildirib. “Dəhşətli iy idi, aylarla çimməyib”, – deyə o, bildirib.
İylənmiş sərnişin insanların burunlarını tutduğunu görüb ən arxadakı oturacağa əyləşib. Kəskin iyə dözməyən arxadakı sərnişinlər ayağa qalxaraq ön tərəfə gəliblər.
Stüardessalar salona sprey və parfümlər boşaltsalar da nəticəsi olmayıb. Sərnişinlərin baş ağrısı və qusmadan əziyyət çəkdiyini görən ekipaj üzvləri təyyarəni yerə endirməli olub.
Problemli sərnişin zorla təyyarədən endirilərək təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Təyyarə üç saatlıq təmizlikdən sonra havaya qalxıb.
Transavia Hava Yolları gizlilik prinsipinə sadiq qalaraq hadisə ilə bağlı ətraflı məlumat verməyib.












