Taclı Tanrıça - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 15 Mart 2020 10:43

Taclı Tanrıça! Səni Markesin təbirincə belə çağırıram. Ötən yay onun  ” Vəba günlərində eşq ” romanını oxumuşdum və İspaniyada vəba xəstəliyinin insanları necə yonca kimi biçdiyinin təsviri uzun müddət yaddaşımı zəbt etmişdi. “Uzanıb gedən bu yollarda taclı bir tanrıça addımlayır indi.”-cümləsi də ordan ilişib qalıb beynimdə. Yox, Markes sadəcə sevdiyi qadını Taclı Tanrıça deyə çağırırdı, vəba günlərində eşq yaşadığı Fermina Dasanı.  Fermina ətrafa gözəllik saçırdı, sən isə ölüm saçırsan. Elə isə niyə sənə Taclı Tanrıça deyirəm? Çünki, adın Taclı,  özün Tanrı qonağısan. Bu gün , sabah missiyanı başa vurub çıxıb gedəcəksən. Missiyan isə təəssüf ki, mübarək  missiya deyil. Can alırsan, qorxu yaradırsan, dünyanı lərzəyə gətirirsən, başındakı taca güvənib gör nə qədər günaha batırsan? Biz insanların batdığından da daha çox günaha…

Səni kim göndərib, hardan gəlmisən -Şərqdən, yoxsa Qərbdən – bax bunu o gözəgörünməzdən başqa kimsə bilmir. Bircə bildiyimiz bu ki,  başındakı tac dünyanın  taxt-tacını da ciddi şəkildə silkəlyib. Yəni, təkcə yetim-yesirin canını almırsan, əlin uzundur, yuxarılara da çatır. Heç kimlə hesablaşmayanlar səninlə hesablaşmaq məcburiyyətində qalıblar. Türklər demişkən, afferin yavrum! Bax belə də davam elə, bir can bizdən alanda, ikisini onlardan al. Onda deyim ki, ədalətlisən.

HTML tutorial

Hərdən mənə elə gəlir ki, səni nə Çin, nə Amerika deyil, elə məhz Tanrı özü Yer Üzündə ədaləti bərqərar etmək üçün göndərib.Göndərib ki, insanlığı bir balaca silkələyəsən. Bax, hər yan haqsızlıq! Hər tərəf müharibə! Hər kəs qaçqın! Taclıların siyasi qərarları körpələri diri-diri dənizlərin dərin sularına qərq edir. Bir qarışqa yarada bilməyən insan oğlu yaradılışın məhvinə qalxır, can alır, qan tökür.  İnsanlıq özü özünə qənim kəsilib. Sən gəldin, bəlkə  səndən qorxub başları özlərin qarışa insanların, taclı qonaq.

Əslində qarışıb da. İndi dünyanın bir nömrəli qonağı və xəbəri sənsən. Sən ölkələri çaxnaşdırdın. Təyyarə uçuşlarını dayandırdın,  qlobal tədbirləri təxirə saldın, insanları evdən çölə çıxmamağa məcbur etdin.  İndi dünyada yaranan mənzərəni bizim bir məşhur fikir ilə belə ifadə edə bilərik: ” Atası ölən kəfən dalınca  getməz!.” Yeri gəlmişkən, bizim məmləkət  də sənə görə ciddi tədbirlər planlayıb. Elimin toy kimi bir adəti vardı.Sayəndə ölkə üzrə qadağan etdilər. Elə yas mərasimlərini də həmçinin. Yazıq mollaların halına deyirəm…Gəlişinlə sən bəlkə də ən çox onları məyus etmisən. Çünki, yeməyə  halva var, yas çadırı yoxdur. Danışmağa hədis var, dinləməyə adam yoxdur. Belə dərd olmaz, Koronavirus!

Dərd demişkən, insanların şüur məsələsi də bir ayrı dərddir, qadan alım. Sənin yaratdığın ajiotaj ortaya necə maraqlı nüanslar çıxartdı bilirsənmi?  Dünya tualet kağızı üstündə dirəşdi, saç yolduya çıxdı. Amerikada marketdə bir araba tualet kağızı  alan qadına qaradərili başqa bir xanım necə hücum etdisə, mən burda sarımı uddum. Soruşdular ki, niyə bu qədər tualet kağızı alırsan? Cavab tapa bilmədi. Mən isə  cavabı tapmışam: hamısı sənin qorxundandır, dünya altını batırıb, tualet kağızı da buna görədir.

Bizə baxma, bizdə kağız o qədər də aktual deyil. Bizdə ağız aktualdır. Yəqin son  günlər marketləri evlərinə daşıyan adamlara baxıb bığaltı gülürsən. Gül, gül, koronavirus. Hər cür virusu unudub  qarnı üçün dükanda-bazarda basabas salanlara baxıb ağlamaq lazımdır əslində. Sən isə gülürsən!

Bilmirəm, Yer üzünə neçə günlüyə gəlmisən? Bəlkə bir ay, bəlkə bir il qonağımız oldun, məlumatsızıq. Amma sən canın, çox da virusluq eləmə. Onsuz da ətrafımız, yan-yörəmiz sənin kimilərlə  doludur. Bir az hövsələn olub çox qalsan hamını ovcunun içi kimi tanıyacaqsan. Görəcəksən ki, səndən də təhlüklilər var və yaxamızdan asılıblar. Şəxsən mən səndən çox onlardan qorxuram, Taclı tanrıça. Marketlərə ərzaq hücumu etməməyimin, maska almamağımın, spirt axtarışına çıxmamağımın səbəbi də bəlkə budur. İllərdir məndə viruslara qarşı immunitet yaranıb. Əsas sən özünü qoru.

Məncə bu dünyanı sən nizama salacaqsan. Artıq dünya neçə gündür dərindən nəfəs alır,  təyyarə nəriltisindən kar olan göyün qulaqları dincəlir, küçələr, meydanlar, şəhərlər insan selindən, insan tapdağından xilas olmanın sevincini yaşayır. Görünür bəşər övladı bu illər ərzində ancaq özünü düşünüb. Sağ ol,  yada saldın, Taclı tanrıça.

 

 

Gununsesiaz.info