Tbilisidə etirazçılar baş nazirə tələb irəli sürüb – YENİLƏNİB

  • By admin
  • 12 May 2018 22:11


Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.

APA-nın  məlumatına əsasən, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər. Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.

Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

***** 20.06

Tbilisidə parlament binası qarşısında gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq təşkil olunmuş aksiya davam edir.

APA-nın  məlumatına əsasən, aksiya iştirakçıları mərkəzi Rustaveli prospektini bağlayıblar. Onlar hökumət rəsmiləri ilə görüş tələb edirlər.

Batumi və Kutaisi şəhərlərindən də aksiyaya qatılanların olacağı bildirilib. Aksiyanın keçirildiyi yerə yaxın əraziyə xüsusi təyinatlılardan ibarət qrup cəlb olunub.

Sosial şəbəkələrdə istifadəçilər tərəfindən şəhərin mərkəzi küçələrində su şırnağı texnikasının əks olunduğu fotoşəkillər yayılıb.

Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

Gununsesi.info