“Televiziyalarımız kütləvi şou zəhərlənməsindən başlarını qaldırıb…” - DEPUTAT REKTORU ÖYDÜ

  • By admin
  • 04 May 2017 23:50

fazil-mustafa

“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Science slam unec proqramı üzrə universitet tələbələrinin elmi məruzələrinin təqdimatı tədbirinə qatılmışdım. Bir-birindən dəyərli, faydalı məruzələr dinlədik. Bu onu göstərir ki, Azərbaycan tələbələrinə özünü təqdim etmə mühiti yaradılanda öz potensiallarını yüksək səviyyədə ortaya qoya bilirlər. Əvvəllər də qeyd etmişdim, bu universitetdə tələbə təşəbbüskarlığı üçün müsbət bir ənənə yaranmaqdadır, bir neçə belə tədbirin şahidi olduğuma görə söyləyirəm. Universitetin rektoru professor Ədalət Muradov bu cür təşəbbüslərin ideya müəllifi və dəstəkçisi olduğuna görə ciddi universitet gəncliyinin cücərdiyini hiss edirsən”.

Gununsesi.info-nun xəbərinə görə, bunu deputat Fazil Mustafa öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, 9 tələbə hərəsi 10 dəqiqə müddətində müxtəlif mövzularda öz məruzələrini geniş auditoriyaya təqdim etdi, auditoriyadan gələ alqışların texniki cihazla ölçülməsinə görə də onların içindən 3 nəfər qalib elan olundu.

“Ancaq mən hamısını qalib olaraq görürdüm, çünki hər biri üzərinə götürdüyü mövzunu səlis danışıqla, anlaşıqlı, əsaslandırılmış şəkildə təqdim edə bildi. Televiziyalarımız kütləvi şou zəhərlənməsindən başını qaldırıb bu kimi tədbirləri insanlara təqdim etsələr, elmi biliklərə maraq göstərənlərin sayını da artırmış olarlar. Nəhayət ki, 21-ci əsrdə elm məbədi sayıla biləcək universitetlər yaratmağı düşünməliyik.

Bu kimi tədbirlər tələbəyə özünü universitetin sahibi kimi hiss etməyə imkan yaradır. Müti, özünü təqdim etməkdən qorxan tələbədən yaxşı müəllim də olmur, yaxşı mütəxəssis də, yaxşı vətəndaş da… Hər halda İqtisad Universitetindəki mühitin, sağlam rektor-tələbə dialoqunun bütün ali təhsil ocaqlarında olmasını ürəkdən arzulayıram”-deyə, deputat sonra yazıb.

Gununsesi.info